BAKI, 1 iyun. TELEQRAF

"Prezident İlham Əliyevin Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı Azərbaycanın son otuz ildə həyata keçirdiyi enerji strategiyasının nəticələrini, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetləri bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər göstərir ki, enerji sektoru ölkənin iqtisadi inkişafının əsas dayaqlarından biri olmaqla yanaşı, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində və regional əməkdaşlığın genişlənməsində mühüm rol oynayır".

Teleqraf xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dünyanın mühüm enerji tərəfdaşlarından biridir:

“Ölkəmizin zəngin enerji ehtiyatları, etibarlı tərəfdaş imici, həyata keçirdiyi iri beynəlxalq layihələr və uzunmüddətli strateji yanaşması onu qlobal enerji xəritəsində xüsusi mövqeyə yüksəldib. Məhz uzaqgörən dövlət siyasəti nəticəsində Azərbaycan enerji resurslarını yalnız iqtisadi inkişaf vasitəsi kimi deyil, həm də beynəlxalq əməkdaşlığın, qarşılıqlı etimadın və regional sabitliyin mühüm amili kimi dəyərləndirir. Müstəqilliyin ilk illərində üzləşdiyi ciddi iqtisadi və siyasi çətinliklərə baxmayaraq, Azərbaycan enerji sektorunun inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdi.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkəmizin gələcək inkişafının təməlini formalaşdırdı. Xarici investisiyaların cəlb olunması, beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın qurulması və zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması Azərbaycanın iqtisadi yüksəlişinə geniş imkanlar açdı. Sonrakı dövrdə bu siyasət möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə yüksəldildi. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən layihələr nəticəsində Azərbaycan yalnız enerji istehsalçısı deyil, həm də mühüm tranzit və logistika mərkəzinə çevrildi. Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirən enerji dəhlizləri ölkəmizin strateji əhəmiyyətini daha da artırdı”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışında xüsusi diqqətçəkən məsələlərdən biri də enerji sektorunda yeni çağırışlara uyğun fəaliyyətin təmin edilməsidir:

“Dünyada yaşıl enerji gündəliyinin geniş vüsət aldığı bir dövrdə Azərbaycan da bu istiqamətdə mühüm addımlar atır. Bərpaolunan enerji mənbələrinin inkişafı, günəş və külək enerjisi potensialının səmərəli istifadəsi, ekoloji tarazlığın qorunması və enerji istehsalının şaxələndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan edilməsi Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcıdır. Bu ərazilərdə həyata keçirilən layihələr ölkənin enerji balansının daha da güclənməsinə, ətraf mühitin qorunmasına və davamlı inkişaf məqsədlərinin reallaşmasına xidmət edir. Azərbaycanın zəngin bərpaolunan enerji potensialı gələcəkdə ölkənin yaşıl enerji ixracatçısına çevrilməsi üçün də geniş imkanlar yaradır”.

S.Salmanova onu da qeyd edib ki, dövlət başçısının çıxışında əsas məqamlardan biri də Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rol olub:

“Hazırda Azərbaycan təbii qazını 16 ölkəyə ixrac edir. TANAP və TAP layihələri vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatdırılır və qitənin enerji təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verir. Bu, ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyinin ildən-ilə gücləndiyini göstərir. Dünyada enerji təhlükəsizliyi məsələlərinin strateji əhəmiyyət daşıdığı bir dövrdə Azərbaycanın üzərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirməsi tərəfdaş dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan enerji resurslarının dünya bazarlarına çatdırılması istiqamətində həyata keçirdiyi layihələrlə regionlararası əməkdaşlığın genişlənməsinə və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir”.

Parlamentari yekunda söyləyib ki, Prezident İlham Əliyevin Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında səsləndirdiyi fikirlər Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlarla yanaşı, qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji hədəfləri də əks etdirir:

“Ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji istiqamətində də mühüm layihələr həyata keçirərək qlobal enerji keçidinin fəal iştirakçısına çevrilir. Bu siyasət həm milli maraqların təmin olunmasına, həm də regional və qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Möhkəm siyasi iradə və düşünülmüş strateji yanaşma nəticəsində Azərbaycan bu gün dünyanın mühüm enerji mərkəzlərindən biri kimi beynəlxalq enerji gündəliyində öz mövqeyini daha da gücləndirir”.