BAKI, 27 may. TELEQRAF

2024-cü ildə əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər bölməsindən (məqsədli büdcə fondlarının xərcləri istisna olmaqla) aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq dövlət büdcəsi xərclərinin 3,5 faizi həcmində və ya 1 313 300 manat vəsait yönəlib.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, həmin vəsaitin 466,0 milyon manatı və ya 35,5 faizi dövlət büdcəsinin ehtiyat fondunun vəsaiti, 244,8 milyon manatı və ya 18,6 faizi Prezidentin ehtiyat fondunun vəsaiti, 602,5 milyon manatı və ya 45,9 faizi təhlükəsizlik, sosial-iqtisadi və digər tədbirlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsait təşkil edib.

Hesabat ilində əsas bölmələrə aid edilməyən xidmətlər bölməsindən Bakı şəhərinin ərazisində abadlıq-yenidənqurma işlərinin aparılması və bu işlərlə əlaqədar obyektlərin köçürülməsi, Bakı şəhəri, Həsən Əliyev küçəsindən Ziya Bünyadov küçəsinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun və Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisinin davam etdirilməsi, Bakı şəhəri və regionlarda enerji doldurma məntəqələrinin quraşdırılması, Zığ qəsəbəsindəki elektrik avtobus qarajının elektrik təchizatı işlərin görülməsi, Bakı şəhərinin Xətai rayonunda yerləşən “Cavanşir” körpüsünün sökülməsi və yerində yeni avtomobil yolunun tikintisi üçün cəm olaraq 201,2 milyon manat vəsait istifadə olunub.

Dövlət Ehtiyatları Agentliyinin nizamnamə fondunun formalaşdırılması, dövlət və səfərbərlik ehtiyatlarının yaradılması, yerləşdirilməsi, saxlanılması, yenilənməsi (əvəzlənməsi), idarə olunması və mühafizəsi üçün 45,0 milyon manat məbləğində vəsait yönəldilib.

Azərbaycanın maraqlarının beynəlxalq hüquq çərçivəsində qorunması, beynəlxalq məhkəmələrdə təmsil edilməsi və həmin məhkəmələrin qərarlarının icrası ilə bağlı xərclərin ödənilməsi üçün 37,8 milyon manat, ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası xərclərinin ödənilməsi üçün 27,0 milyon manat, fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirləri üçün 20,0 milyon manat, aksiz və nəzarət markalarının sifarişi və onların dövriyyəsinə nəzarət sisteminin tətbiqi ilə bağlı tədbirlər üçün 9,0 milyon manat, işğaldan azad edilmiş ərazilərdə ödənilmiş kommunal xidmətlərə və məcburi dövlət sosial sığorta haqlarına görə 10 il müddətində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının göstərilməsi üçün 7,6 milyon manat istifadə olunub.

Bundan başqa, ölkənin beynəlxalq yardım işinin daha sistemli və ardıcıl təşkili, eləcə də xarici siyasət maraqlarımıza səmərəli şəkildə uyğunlaşdırılması üçün Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə müvafiq istiqamətlər üzrə beynəlxalq donorluq fəaliyyətinin həyata keçirilməsi məqsədilə 4,8 milyon manat, ehtiyata və ya istefaya buraxılmış hərbçilərə mənzil kirayəsi ilə bağlı xərclər üçün 13,7 milyon manat məbləğində vəsait sərf olunub.

2024-cü ilin dövlət büdcəsinin əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət köməkçi bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan əlavə daxil olmuş vəsaitlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 73,4 milyon manat təşkil etmişdir ki, bu da 2023-cü illə müqayisədə 1,5 milyon manat və ya 2,1 faiz çoxdur.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.