BAKI, 27 may. TELEQRAF
Kütləvi informasiya vasitələrinin fəaliyyətinin təmin olunması məqsədilə 2024-cü ilin dövlət büdcəsindən cəm olaraq 64,9 milyon manat vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Sənəddə vurğulanıb ki, bu da 2023-cü illə müqayisədə 6,5 milyon manat və ya 11,1 faiz çox olub.
Bu bölmə üzrə digər təşkilatlar və tədbirlər üzrə ayrılmış vəsait və onun icra vəziyyəti aşağıdakı kimidir:
- "Azərbaycan Nəşriyyatı" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə nəzərdə tutulmuş 2,4 milyon manat vəsait ayrılmış 100,0 faiz icra edilib.
Bu vəsaitdən "Azərbaycan", "Xalq qəzeti", “Respublika” və "Bakinski raboçi" qəzeti redaksiyaları üzrə qanunvericiliklə müəyyən edilmiş normaya uyğun həcmdə qəzet çapı xərclərinin ödənilməsi üçün istifadə olunmuşdur;
- Dövlət qayğısı olaraq 14 qeyri-dövlət təşkilatlarına maliyyə dəstəyinin göstərilməsi məqsədilə nəzərdə tutulmuş 7,4 milyon manat vəsaitdən 6,5 milyon manat və ya 87,8 faiz icra edilmişdir.
Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.