BAKI, 27 may. TELEQRAF
Səhiyyə Nazirliyinə 2024-cü ildə 291,2 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2023-cü illə müqayisədə 24,2 milyon manat və ya 9,1 faiz çoxdur.
Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
2024-cü ildə dövlət büdcəsinin “Səhiyyə” xərcləri bölməsindən sümük iliyi transplantasiyası əməliyyatının icra edilməsi məqsədilə 5,0 milyon manat, ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsində və profilaktikasında istifadə olunan dərmanların və digər tibbi ləvazimatların dəyərinin ödənilməsi üçün 2,9 milyon manat vəsait ayrılıb.
Onkoloji xəstələrin müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatının ödənilməsi, bu sahənin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün 2024-cü il dövlət büdcəsindən 48,3 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2023-cü ilə nisbətən 1,5 milyon manat və ya 3,2 faiz çoxdur.
Həmçinin dərman, sarğı ləvazimatlarının və materiallarının alınması üçün 1,0 milyon manat, onkoloji xəstələrin müalicəsində istifadə olunan 3 yeni şüa avadanlığının və həmin avadanlıqların yerləşdirilməsi məqsədilə xüsusi bunker və köməkçi otaqların tikintisi, istismarda olan şüa və digər avadanlıqların cari təmiri və ehtiyat hissələrinin alınması üçün dövlət büdcəsinin ehtiyat fondundan 16,8 milyon manat vəsaitin icrası təmin edilib.
Ölkə əhalisinin ixtisaslaşdırılmış oftalmoloji xidmətlə təmin edilməsi, göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdən əsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi və gücləndirilməsi, ixtisaslaşdırılmış oftalmoloji yardımın təşkili üçün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən 8,2 milyon manat məbləğində vəsait istifadə olunub.
2024-cü ilin dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinin tabeliyində olan Bakı, Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhər Tibbi bədən tərbiyəsi dispanserlərinin saxlanılması üçün 1,1 milyon manat məbləğində vəsait ayrılıb.
Hesabat ilində dövlət büdcəsinin səhiyyə xərcləri bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan əlavə daxil olmuş vəsaitlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 13,4 milyon manat təşkil etmişdir ki, bu da 2023-cü illə müqayisədə 1,3 milyon manat və ya 11,2 faiz çoxdur.
Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.