BAKI, 27 may. TELEQRAF
2024-cü ildə səhiyyə xərclərinə dövlət büdcəsindən ayrılmış 1 milyard 866 milyon 400 min manat məbləğində vəsaitin aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 1 milyard 828 milyon 800 min manat və ya 98,0 faizi istifadə olunub.
Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd olunub ki, bu da proqnoza nisbətən 37,6 milyon manat və ya 2,0 faiz az, 2023-cü illə müqayisədə isə 106,7 milyon manat və ya 6,2 faiz çoxdur.
Hesabat ilində səhiyyə xərcləri ÜDM-in 1,4 faizini, dövlət büdcəsi xərclərinin isə 4,8 faizini (2023-cü illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edib.
İstifadə edilmiş səhiyyə xərclərinin 74,8 faizi və ya 1 milyard 368 milyon manatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin payına düşür ki, bu da 2023-cü illə müqayisədə 104,2 milyon manat və ya 8,2 faiz artıqdır.
Həmin vəsaitin 1228,4 milyon manatı əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanmasına, 139,6 milyon manatı səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərinin icrası ilə bağlı xərclərə yönəldilib.
2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış əlavə olaraq 101,2 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, səhiyyə sahəsinə dövlət büdcəsi xərclərinin 5,1 faizi (2023-cü illə müqayisədə 0,2 faiz-bənd çox) həcmində və ya 1930,0 milyon manat məbləğində vəsait yönəldilmişdir ki, bu da 2023-cü illə müqayisədə 157,9 milyon manat və ya 8,9 faiz çoxdur.
Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.