BAKI, 27 may. TELEQRAF
2024-cü il ərzində məcmu olaraq sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 38,9 faizi həcmində və ya 14 milyard 652 milyon 700 min manat məbləğində icra olunub.
Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Qeyd olunub ki, bu da 2023-cü illə müqayisədə 303,6 milyon manat və ya 2,1 faiz çoxdur.
Bildirilib ki, son 5 ildə, yəni 2020-ci illə müqayisədə 2024-cü ildə sosialyönlü xərclər mütləq ifadədə 4 milyard 13 milyon 500 min manat və ya 37,7 faiz artmışdır.
Vurğulanıb ki, sosialyönlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 8 milyard 406 milyon 400 min manat (2023-cü illə müqayisədə 276,4 milyon manat və ya 3,4 faiz çox);
sosial ödənişlər üzrə xərclərə 4 milyard 253 milyon manat, ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 463 milyon 600 min manat (2023-cü illə müqayisədə 55,7 milyon manat və ya 13,7 faiz çox);
dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə 126,8 milyon manat (2023-cü illə müqayisədə 10,7 milyon manat və ya 9,3 faiz çox);
əhalinin icbari tibbi sığortalanması və səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərinin icrası ilə bağlı xərclərə 1368,0 milyon manat (2023-cü illə müqayisədə 104,2 milyon manat və ya 8,2 faiz çox);
20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması xərclərinə 35,0 milyon manat vəsait yönəldilmişdir.
Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.