BAKI, 27 may. TELEQRAF

2024-cü il dövlət büdcəsinin xərcləri ilkin olaraq 36 milyard 763 milyon manat məbləğində təsdiq olunmuşdur. Dövlət büdcəsinə həmin ilin iyun ayında yenidən baxılmaqla onun xərcləri ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 8,1 faiz və ya 2 milyard 979 milyon 300 min manat artırılaraq 39 milyard 742 milyon 300 min manat məbləğində müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, 2024-cü il dövlət büdcəsinin 39 milyard 742 milyon 300 min manat məbləğində təsdiq olunmuş xərcləri 94,9 faiz və ya 37 milyard 713 milyon 600 min manat məbləğində icra olunmuşdur.

Qeyd olunub ki, bu da 2023-cü illə müqayisədə 1 milyard 255 milyon 700 min manat və ya 3,4 faiz çoxdur.

Hesabat ilində dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 29,9 faiz təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 0,3 faiz-bənd çoxdur.

Son 5 ildə, yəni 2020-ci illə müqayisədə 2024-cü ildə dövlət büdcəsinin xərcləri 11 milyard 297 milyon 300 min manat və ya 42,8 faiz artmışdır.

Strukturuna görə 2024-cü il dövlət büdcəsi xərclərinin 21 milyard 343 milyon 400 min manatı və ya 56,6
faizi cari xərclərə (2023-cü illə müqayisədə 1075,3 milyon manat və ya 5,3 faiz çox),15 milyard 74 milyon 600 min manat və ya 40,0 faizi əsaslı xərclərə (2023-cü illə müqayisədə 67,3 milyon manat və ya
0,4 faiz çox), 1 milyard 295 milyon 600 min manatı və ya 3,4 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı
xərclərə (2023-cü illə müqayisədə 113,1 milyon manat və ya 9,6 faiz çox) yönəldilmişdir.

2023-cü illə müqayisədə dövlət büdcəsinin xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 1,0 faiz-bənd və dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,2 faiz-bənd artmış, əsaslı xərclərin xüsusi çəkisi isə 1,2 faiz-bənd azalmışdır.

Qeyd olunmalıdır ki, 2024-cü ilin dövlət büdcəsinin icra olunmuş 21,3 milyard manat məbləğində cari xərclərin 90,1 faizi (2023-cü illə müqayisədə 5,9 faiz-bənd çox) və yaxud 19,2 milyard manatı (2023-cü illə müqayisədə 2,1 milyard manat və ya 12,3 faiz çox) qeyri-neft-qaz sektoru üzrə daxilolmalarının hesabına qarşılanmışdır.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.