BAKI, 27 may. TELEQRAF

2024-cü ildə dövlət büdcəsinin gəlirlərində neft sektoru üzrə daxilolmalar 17 milyard 969 milyon 400 min manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, bu da 2023-cü illə müqayisədə 187,0 milyon manat və ya 1,0 faiz azdır. Az daxilolma təbii qazın 1m3-nin və “Azəri Light” markalı xam neftin 1 barelinin dünya bazarında qiymətlərinin müvafiq olaraq 18,1 faiz və 4,2 faiz azalması ilə əlaqədar olmuşdur. Neft sektoru üzrə büdcə gəlirlərinin 71,1 faizini və ya 12 milyard 781 milyon manatını Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert, 26,6 faizini və ya 4 milyard 780 milyon 500 min manatını vergi orqanlarının xətti ilə təmin edilən daxilolmalar, 2,3 faizini və ya 407,9 milyon manatını isə Dövlət Neft Şirkətinin dividend ödənişi təşkil etmişdir.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.