BAKI, 27 may. TELEQRAF
Dövlət büdcəsinin gəlirlərinin əsas hissəsi vergi və neft transfertləri hesabına formalaşıb
Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd olunub ki, hesabat ilində dövlət büdcəsinin gəlirləri üzrə ümumi vəsaitin 42,5 faizi və ya 15 milyard 808 milyon manatı vergi orqanları xətti ilə təmin edilib. Bununla yanaşı, gömrük orqanları vasitəsilə büdcəyə 6 milyard 648,7 milyon manat və ya ümumi gəlirlərin 17,9 faizi daxil olub.
Həmçinin Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfertlər isə 12 milyard 781 milyon manat təşkil edərək, ümumi gəlirlərin 34,4 faizini əhatə edib.
Büdcəyə daxil olan digər gəlirlər isə 1 milyard 924,1 milyon manat və ya 5,2 faiz həcmində olub:
- 547,9 milyon manat dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən,
- 69,9 milyon manat məqsədli büdcə fondlarının gəlirlərindən,
- 37,6 milyon manat dövlət əmlakının icarəyə verilməsindən,
- 250 milyon manat Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından,
- və 1 milyard 18,7 milyon manat isə sair digər mənbələrdən daxil olub.
Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
