BAKI, 23 may. TELEQRAF

"Son illər həm Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də milli iqtisadiyyatlarının sürətli inkişafı qeydə alınıb. 2024-cü ildə Türk dövlətlərinin iqtisadiyyatı 5.4 faiz böyüyüb. Bu 3.2 faizlik qlobal iqtisadi artım xeyli dərəcdə üstələyir. Türk dövlətləri 2,11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 1,8 faizlik paya sahibdirlər. 2024-cü ildə Türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki, bu da qlobal ticarət dövriyyəsinin 3,5 faizi deməkdir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü iclasında deyib.

Deputat bildirib ki, regional enerji təhlükəsizliyinə yaxından töhfə verən Azərbaycan tərəfdaş ölkələr ilə enerji əməkdaşlığını gücləndirməkdədir:

"Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. 2023-cü il ilə müqayisədə hasilat 2 milyard kubmetr artıb. Qeyd edək ki, 2024-cü ildə Azərbaycan tarixində ilk dəfə olaraq mavi qaz hasilatı illik 50 milyard kub metrdən çox olub. Bu isə ölkəmiz üçün daha çox ixrac imkanları deməkdir. Hazırda Azərbaycan regionun 12 ölkəsinə mavi qaz nəql edir. Mavi qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geosiyasi mövqeyini daha da möhkəmləndirərək regionun enerji təhlükəsizliyinin güclənməsində Azərbaycanın rolunu gücləndirir. Bu Mərkəzi və Şərqi Avropa daxil olmaqla tərəfdaş ölkələr ilə yeni əməkdaşlıq imkanları deməkdir".