BAKI, 11 aprel. Teleqraf

Vergi orqanları vergi nəzarəti zamanı vergi orqanları tərəfindən fiziki şəxs olmayan vergi ödəyicisinin benefisiar mülkiyyətçisinin həmin vergi ödəyicisinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş benefisiar mülkiyyətçisindən fərqli olduğu müəyyən edilərsə, bu barədə maliyyə monitorinqi orqanına məlumat verməyə borclu olacaqlar.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Vergi Məcəlləsi, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, son nəticədə hüquqi şəxsə və ya xarici hüquqi təsisata nəzarəti həyata keçirən və ya hüquqi şəxsin, yaxud xarici hüquqi təsisatın əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) benefisiar mülkiyyətçi hesab ediləcək.

Hüquqi şəxs və (və ya) xarici hüquqi təsisatın birinin digərini təsis etməsi, idarə etməsi, birinin digərinə nəzarət etməsi, birinin digərinin paylarına (səhmlərinə) sahib olması və (və ya) xarici hüquqi təsisatın təsis əqdinin tərəfi (xarici hüquqi təsisat təsisçisi, idarəçisi, benefisiarı (benefisiarlar qrupu), təminatçısı) və ya hüquqi şəxs və xarici hüquqi təsisat üzərində son nəticədə effektiv nəzarəti həyata keçirən digər şəxs olması nəzarət və (və ya) mülkiyyət zənciri hesab ediləcək.

Hər bir hüquqi şəxs benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə dürüst, dəqiq və yenilənmiş məlumatları bilməli və təsdiqedici sənədlərə (o cümlədən elektron sənədlərə) malik olmalı, qanunla nəzərdə tutulmuş hallarda və qaydada təqdim etməlidir.

Hər bir hüquqi şəxs benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları özündə əks etdirən sənədləri (o cümlədən elektron sənədləri) qanunla müəyyən edilmiş qaydada saxlamalıdır.

Aşağıdakı şəxslər hüquqi şəxsin benefisiar mülkiyyətçisi hesab olunacaq:

son nəticədə hüquqi şəxsin nizamnamə kapitalının, habelə səsvermə hüququnun 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan (hüquqi şəxsdə iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) fiziki şəxs (şəxslər);
bu qanunun 5-1.1.1-ci maddəsi ilə müəyyən edilmiş fiziki şəxs (şəxslər) mövcud olmadıqda və ya bu şəxsin (şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr olduqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər);
əgər hüquqi şəxs üzərində iştirak payı əsasında və ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs (şəxslər).
Aşağıdakı şəxslər xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisi hesab olunacaq:

trastın strukturunda təsisçi, trast idarəçisi, trast təminatçısı (olduğu halda), benefisiar və ya benefisiarlar qrupu, trast üzərində effektiv nəzarəti həyata keçirən hər hansı digər fiziki şəxs (nəzarət və (və ya) mülkiyyət zənciri də daxil olmaqla);
digər növ xarici hüquqi təsisatlarda bu qanunun 5-1.2.1-ci maddəsində müəyyən edilmiş şəxslərlə eyni və ya oxşar hüquq və vəzifə daşıyan şəxslər.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) benefisiar mülkiyyətçi barədə reyestrə daxil edilmiş məlumatları 5 iş günü müddətində maliyyə monitorinqi orqanına təqdim edəcək.

Maliyyə monitorinqi orqanı reyestrə daxil edilmiş benefisiar mülkiyyətçi məlumatlarının dövlət orqanlarına (qurumlarına), habelə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdiril-məsinə qarşı mübarizə haqqında” Qanunla müəyyən edilmiş öhdəlik daşıyan şəxslərə, auditor xidməti göstərən şəxslərə, qeyri-hökumət təşkilatlarına və dini qurumlara, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə sorğu verməklə, açıq mənbələrdən araşdırma aparmaqla, habelə bu qanunda nəzərdə tutulan məlumatlardan istifadə etməklə yoxlanılmasını təmin edəcək.

Reyestrə daxil edilmiş məlumatın doğruluğuna dair şübhələr olduqda maliyyə monitorinqi orqanı hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı bu qanunda nəzərdə tutulmuş məlumatlara dair təsdiqedici sənədlərin əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sorğu verəcək. Bu zaman müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsdən aidiyyəti sənədlərin 5 iş günü müddətində təqdim edilməsini tələb edəcək və sənədlər təqdim edildiyi tarixdən etibarən 3 iş günü müddətində onları maliyyə monitorinqi orqanına təqdim edəcək.

Maliyyə monitorinqi orqanı təqdim edilmiş sənədlər əsasında aparılmış təhlillər nəticəsində hüquqi şəxsin benefisiar mülkiyyətçisinin fərqli şəxs olmasını müəyyən edərsə, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verəcək. Həmin orqan (qurum) maliyyə monitorinqi orqanı tərəfindən təqdim edilmiş hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları hüquqi şəxsə təqdim edəcək. Hüquqi şəxs təqdim edilən məlumatla razılaşmadıqda müvafiq məlumatı aldığı tarixdən etibarən 5 iş günü müddətində özünün benefisiar mülkiyyətçisinə dair əlavə təsdiqedici sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi (orqana) quruma, həmin orqan (qurum) isə bu sənədləri 3 iş günü müddətində maliyyə monitorinqi orqanına təqdim edəcək.

Maliyyə monitorinqi orqanı təqdim edilmiş əlavə təsdiqedici sənədlər əsasında apardığı təhlillər nəticəsində hüquqi şəxsin benefisiar mülkiyyətçisinin fərqli şəxs olmasını yenidən müəyyən edərsə, maliyyə monitorinqi orqanı bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verəcək. Həmin orqan (qurum) təqdim edilən məlumatlar əsasında reyestrə dəyişiklik edəcək və dəyişiklik edilmiş benefisiar mülkiyyətçi barədə məlumatı özündə əks etdirən çıxarışın və benefisiar mülkiyyətçi məlumatlarına dəyişiklik edilməsi barədə bildirişin 3 iş günü müddətində hüquqi şəxsin elektron kabinetinə göndərilməsini təmin edəcək.

Bu qanunda nəzərdə tutulmuş müddət ərzində hüquqi şəxs bəyan etdiyi benefisiar mülkiyyətçiyə dair əlavə təsdiqedici sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməzsə, həmin orqan (qurum) maliyyə monitorinqi orqanının təqdim etdiyi məlumatlar əsasında reyestrə dəyişiklik edəcək və dəyişiklik edilmiş benefisiar mülkiyyətçi barədə məlumatı özündə əks etdirən çıxarışın və benefisiar mülkiyyətçi məlumatlarına dəyişiklik edilməsi barədə bildirişin 3 iş günü müddətində hüquqi şəxsin elektron kabinetinə göndərilməsini təmin edəcək.

Hüquqi şəxs bu qanunda nəzərdə tutulmuş hallarda benefisiar mülkiyyətçi məlumatlarında dəyişiklik edilməsi barədə bildirişi aldıqdan sonra 3 iş günü müddətində benefisiar mülkiyyətçi qismində müəyyən edilmiş şəxsin bu barədə məlumatlandırılmasını təmin edəcək.

Benefisiar mülkiyyətçi barədə bu qanunda nəzərdə tutulan məlumatlar sorğu əsasında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunla müəyyən edilmiş hallarda və qaydada maliyyə monitorinqi orqanına veriləcək.

Öhdəlik daşıyan şəxslər hüquqi şəxs olan müştərilərə tətbiq edilən müştəri uyğunluğu tədbirləri çərçivəsində müəyyən edilmiş benefisiar mülkiyyətçi barədə məlumatları 3 iş günü ərzində maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.

Bu qanun qüvvəyə minənədək dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər tərəfindən öz benefisiar mülkiyyətçilərinin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və filialı tərəfindən xarici hüquqi şəxsin benefisiar mülkiyyətçilərinin müəyyən edilməsi və bu barədə məlumat və sənədlərin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə təqdim edilməsi aşağıdakı mərhələlərlə təmin ediləcək:

iri sahibkarlıq subyektləri üçün 31 dekabr 2025-ci il tarixinədək;
orta sahibkarlıq subyektləri üçün 30 iyun 2026-cı il tarixinədək;
kiçik sahibkarlıq subyektləri üçün 31 dekabr 2026-cı il tarixinədək;
mikro sahibkarlıq subyektləri üçün 31 dekabr 2027-ci il tarixinədək;
qeyri-hökumət təşkilatları və dini qurumlar üçün 30 iyun 2026-cı il tarixinədək.
Beləliklə, qeyd olunanlar nəzərə alınmaqla, qanun layihəsi aşağıda göstərilən məsələlərə dair hüquqi mexanizmlərin yardılmasını nəzərdə tutur:

hüquqi şəxslərin dövlət qeydiyyatı mərhələsində yaradılacaq hüquqi şəxsin benefisiar mülkiyyətçisinə (mülkiyyətçilərinə) dair məlumat və sənədlərin təsisçilər tərəfindən səlahiyyətli dövlət orqanına təqdim edilməsi;
maliyyə institutlarının lisenziyalaşdırılması mərhələsində təsisçi xarici hüquqi təsisat olarsa, bu barədə məlumatların səlahiyyətli dövlət orqanına təqdim edilməsi;
təqdim edilmiş məlumat və sənədlərin benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasına daxil edilməsi;
benefisiar mülkiyyətçilərin reyestrinə daxil edilmiş məlumatların həqiqiliyinin maliyyə monitorinqi orqanı tərəfindən yoxlanılması.
Layihənin qəbul edilməsi ilə hüquqi şəxslərin benefisiar mülkiyyətçilərinə dair dürüst, dəqiq, yenilənmiş məlumatları əks etdirən mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılması təmin ediləcək, bu isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin effektivliyinin artmasına xidmət edəcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.