BAKI, 11 aprel. TELEQRAF

25 vatt və daha yuxarı gücə malik elektrik közərmə lampalarının idxal, istehsal və ya satışına görə cərimələr müəyyənləşir.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 vatt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıdakı xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər 1 500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

Dəyişiklik təsdiqlənəcəyi təqdirdə, 60 vatt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 vattdan (25 vatt daxil olmaqla) 60 vattadək gücə malik olan közərmə lampalarına münasibətdə isə 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.

Bundan başqa, dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə cərimələr artırılır.

Qanun layihəsinə əsasən, dəmir yolunun, mühafizə çəpərlərinin və digər yol obyektlərinin, qurğularının və avadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, yüz əlli manat məbləğində cərimə tətbiq edilir.

Yük vurulması və boşadılması zamanı müəyyən olunmuş qabaritlərə əməl edilməməsinə görə fiziki şəxslər 60 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, fiziki şəxslər 30 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində cərimə edilir.

Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə 400 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 200 manat məbləğində cərimə tətbiq edilir.

Yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə 100 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 50 manat məbləğində cərimə tətbiq edilir.

Dəmir yolu nəqliyyatı vasitələrinin zədələnməsi və daxili avadanlığının dəmir yolu nəqliyyatı vasitələrinin və daxili avadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili avadanlığının zədələnməsinə görə 100 manat məbləğində cərimə edilir.

Yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatı vasitələrinin, yaxud daşıma mexanizmlərinin zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 100 manat məbləğində cərimə tətbiq edilir.

Yük vaqonlarının, konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, dəmir yolu stansiyalarının, konteyner məntəqələrinin (meydançalarının) və yükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 150 manat məbləğində cərimə tətbiq edilir.

Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz və ya müvafiq qaydada ödəniş edilmədən aparılmasına görə 80 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, dəmir yolu nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə 40 manat məbləğində cərimə tətbiq edilir.

Həmçinin nəqliyyat vasitələrinin sürücüləri tərəfindən dəmiryol keçidlərindən keçmə ilə bağlı qaydaların pozulmasına görə cərimələr müəyyənləşir.

Təklif edilən dəyişikliyə əsasən, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə 200 manat məbləğində cərimə ediləcək.

Yuxarıdakı xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 3 aydan 6 ayadək müddətə məhdudlaşdırılacaq.

Yuxarıdakı xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manat məbləğində cərimə ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq.

Bundan əlavə piyadalar tərəfindən dəmir yolunun piyadaların keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçilməsinə görə 40 manat məbləğində cərimə ediləcək.

At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 80 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 40 manat məbləğində cərimə tətbiq edilir.

Layihəyə əsasən, hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatların və sənədlərin təqdim edilməməsinə görə cərimələr müəyyənləşir.

Qanun layihəsinə əsasən, hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatların təqdim edilməməsinə, yəni hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına münasibətdə xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı dürüst, dəqiq və yenilənmiş məlumatların "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə; hüquqi şəxs, habelə xarici hüquqi şəxsin nümayəndəlik və filialı tərəfindən benefisiar mülkiyyətçisi barədə məlumatların qanunla müəyyən edilmiş mərhələlər üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 2 500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək.

Hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı təsdiqedici sənədlərin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddət ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək.

Benefisiar mülkiyyətçinin özü barədə hüquqi şəxslərin dövlət reyestri məlumatlarında dəyişiklik edilməsi ilə bağlı hüquqi şəxs tərəfindən məlumatlandırılmamasına görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 500 manatdan 700 manatadək məbləğdə cərimə ediləcək.

Mərkəzləşdirilmiş kredit reyestrinə və kredit bürosuna məlumatların təqdim edilməsi qaydalarının pozulmasına görə bəzi cərimələr aradan qaldırılır.

Mövcud qanunvericiliyə əsasən, “Kredit büroları haqqında” Qanunun 12.1-ci maddəsində göstərilən nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən “Kredit büroları haqqında” Qanunun tələblərinə uyğun olaraq kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 10 min manatdan 12 min manatadək məbləğdə cərimə edilir.

Qanun layihəsində sözügedən cərimənin ləğv edilməsi nəzərdə tutulur.

Layihədə hava gəmisində davranış qaydalarının pozulmasına görə cərimələr artırılır.

Qanun layihəsinə əsasən, hava gəmisində intizamın qorunması, habelə hava gəmisinin, onun bortunda olan şəxslərin və əmlakın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gəmi kapitanının (komanda verən pilotun, yaxud onun adından digər heyət üzvünün) qanuni sərəncamlarının yerinə yetirilməməsinə görə 500 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 100 manat məbləğində cərimə tətbiq edilir.

Hava gəmisində kompüter, foto və video çəkiliş, elektrik (elektromaqnit) rabitə vasitələrindən xüsusi istifadə qaydalarının pozulmasına görə 500 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 100 manat məbləğində cərimə tətbiq edilir.

Hava gəmisinin bortunda tüstünün müəyyən edilməsi məqsədi ilə quraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin edən digər qurğuların zədələnməsi və yaxud sıradan çıxarılmasına görə 500 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 200 manat məbləğində cərimə tətbiq edilir.

Hava nəqliyyatında tütün çəkməyə görə 500 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 100 manat məbləğində cərimə tətbiq edilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.