
BAKI, 7 aprel. TELEQRAF
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydasını Nazirlər Kabineti müəyyənləşdirəcək.
Teleqraf xəbər verir ki, bu, “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu hüquqi əsasların vahid qanunvericilik sisteminə uyğunlaşdırılması səbəbindən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydası Nazirlər Kabinetinin müxtəlif qərarları ilə müəyyən olunacaq.
Mövcud qanunvericilikdə isə bu sahədə işləyən şəxslərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar Nazirlər Kabinetinin müxtəlif qərarları ilə müəyyən edilir.
Bu dəyişikliklər pensiya təminatı sistemində dövlət öhdəliklərinin müəyyən olunması ilə xüsusi sosial müdafiə və güzəştli pensiya hüquqlarına malik olan şəxslərin sosial rifahının gücləndirilməsinə, eləcə də qanunvericilik aktlarının unifikasiyasına yönələrək dayanıqlı pensiya təminatı sisteminin formalaşmasına xidmət edəcək.
Sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.