BAKI, 24 iyul. TELEQRAF
Yaxın günlərdə Bakı–Tbilisi–Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi üçün Gürcüstan tərəf ilə zəruri texniki və əməliyyat işləri aparılır.
Bu barədə Teleqraf-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə səyahət imkanlarının genişləndirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə qatarların tutumunun artırılması istiqamətində işləri davam etdirir.
Qatarların tərkibinə mərhələli şəkildə 2 ədəd komfort və 5 ədəd standart+ sinif vaqon əlavə olunub. Nəticədə sərnişin vaqonlarının sayı vaqon-restoran nəzərə alınmadan 6-dan 13-ə çatdırılıb, sərnişin tutumu isə 178-dən 386 yerədək artırılıb. Beləliklə, ilkin tutumla müqayisədə sərnişin yerlərinin sayı təqribən 120% artırılıb.
Marşrut üzrə müşahidə olunan yüksək doluluq dəmir yolu ilə beynəlxalq sərnişindaşımaya marağın artdığını göstərir. İndiyə qədər bu marşrut üzrə 23 000-ə yaxın sərnişin daşınıb. Qatarların doluluq göstəricisi 100% olub.
Gürcüstandan Azərbaycan istiqamətində tələbatın olduqca yüksək olması səbəbindən satışa çıxarılan biletlər çox qısa müddətdə alınır. Belə tələbat fərqi xüsusilə yay mövsümündə və bayram günləri ərəfəsində daha aydın müşahidə edilir.