BAKI, 6 avqust. TELEQRAF

Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə sərnişin məmnuniyyətinin daha da artırılması, yüksək tələbatın daha səmərəli qarşılanması və səfərlərin əvvəlcədən planlaşdırılması imkanlarının genişləndirilməsi məqsədilə bilet satışı müddəti artırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Teleqraf-a verilən məlumata görə, yeni tətbiq olunan mexanizmə əsasən, satış müddəti birdəfəlik deyil, mərhələli şəkildə artırılır.

Hazırda sərnişinlər üçün 30 deyil, 44 günlük bilet satışı açıqdır. Satış pəncərəsi növbəti günlərdə mərhələli şəkildə genişləndirilərək 90 günə çatdırılacaq.

Məlumata görə, satış müddətinin uzadılması ADY-yə sərnişin tələbatını daha dəqiq proqnozlaşdırmağa, zərurət yarandıqda əlavə vaqonların qoşulması və digər əməliyyat qərarlarının vaxtında qəbul edilməsinə şərait yaradacaq.

Qurumdan bildirilib ki, əlavə reysin istifadəyə verilməsi üçün Gürcüstan tərəfinin hazırlıqları başa çatdırması ilə əlaqədar zəruri texniki və əməliyyat işləri aparılır.