BAKI, 20 iyul. TELEQRAF

Qazaxıstan və Gürcüstan iyulun 22-dən etibarən beynəlxalq avtomobil daşımaları üçün icazələrin elektron mübadiləsinə başlayır.

Teleqraf Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müvafiq razılaşma iki ölkənin birgə komissiyasının iclasında əldə olunub.

Sınaq rejimində tətbiq ediləcək "e-Permit" sistemi vasitəsilə icazələrin verilməsi və mübadiləsi inzibati prosedurları sadələşdirməyə, şəffaflığı artırmağa və yükdaşımaların rəsmiləşdirilməsini sürətləndirməyə imkan verəcək.

Bildirilib ki, tərəflər tələbatı ödəmək məqsədilə 2026-cı il üçün qarşılıqlı olaraq əlavə 6 000 icazə mübadiləsi barədə razılığa gəliblər, 2027-ci il üçün isə ilkin kvota əvvəlki dövrlə müqayisədə 6 000 vahid artırılaraq 20 500 ədəd müəyyən edilib.

Elektron sistemə tam keçid təmin edildikdən sonra icazələrin sayına tətbiq olunan kvotanın ləğv edilərək "limitsiz" rejimə keçilməsi də nəzərdə tutulur.

Bu tədbirlərin Qazaxıstan və Gürcüstan arasında ticarət-iqtisadi əlaqələrin inkişafına və yükdaşımaların həcminin artmasına ciddi töhfə verəcəyi vurğulanıb.