BAKI, 7 fevral. TELEQRAF

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

Teleqraf xəbər verir ki, bu dəfə təlim “Savadlı danışıq, xəbər dilində məsuliyyət” mövzusuna həsr olunub.

Əməkdar mədəniyyət işçisi, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı "Niyə biz savadlı danışmırıq?" mövzusunda danışıb.

O, Azərbaycan dilinin zəngin olduğunu, istənilən fikrin bu dil vasitəsilə dolğun şəkildə ifadə edilə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, televiziya əməkdaşları danışıq tərzi ilə tamaşaçıya örnək olmalıdır və dilin qorunması hər bir media nümayəndəsinin borcudur.

Həmçinin MEDİA-nın Naxçıvan regional idarəsinin müdiri, BDU-nun Jurnalistika fakültəsinin müəllimi, dosent Vəfa İsgəndərova "Xəbər dilində məsuliyyət və ana dilinin qorunması" mövzusunda, BDU-nun kafedra müdiri, dosent, AzTV-nin Teleradio Akademiyasının "Fokus" qrupunun rəhbəri Aynur Nəsirova və AzTV Xəbərin aparıcısı, efir estetikası və nitq mədəniyyəti üzrə mütəxəssis Mümtaz Xəlilzadə isə "Nitqdə olan qüsurların aradan qaldırılması: praktik iş" mövzusunda fikirlərini təlim iştirakçıları ilə bölüşüblər.

Bildirilib ki, xəbər dilində məsuliyyət, aparıcının mətni oxumaması, onu danışıq üslubunda tamaşaçıya çatdırması mövzusuna toxunulub. Eyni zamanda, xəbər mətnində pafosun yolverilməzliyi, aparıcının efirə çıxmazdan əvvəl xəbər bloku ilə tanışlığının vacibliyi, mətndə uyğun olmayan ifadələrə rast gəldiyi halda onları dəyişməkdən çəkinməməli olması diqqətə çatdırılıb.

Təlimdə aparıcıların tələskən oxu tempi, əl-qol hərəkətlərinin normadan artıq olması, efir estetikasına uyğun olmayan aksesuarlar, eləcə də dil və tələffüz xətaları geniş şəkildə təhlil olunub. Həmçinin müxtəlif televiziya kanallarının aparıcılarına aid videomateriallar nümayiş etdirilib, üzə çıxan məqamlar üzərində müzakirələr aparılıb.

Daha sonra dilimizə yad ifadələrin (varvarizmlərin) vurduğu zərərdən, xəbərlərin aydın və dəqiq dildə yazılmasının vacibliyindən danışılıb. Vurğulanıb ki, xəbərdə şərh bildirən sifətlərə və qeyri-müəyyən mənbələrə yer verilməməlidir.

Bununla yanaşı, sosial mediada xəbərlərlə bağlı ən çox rast gəlinən mənfi hallardan biri kimi şişirdilmiş və məzmuna uyğun olmayan aldadıcı başlıqların verilməsi məsələsi diqqətə çatdırılıb.

Qeyd edək ki, təlimlərin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir.

3 ay (2 ay Bakıda, 1 ay regionlarda) davam edəcək təlimlərdə televiziya, radio və saytlarda çalışan 50-ə yaxın jurnalist, redaktor və aparıcı iştirak edir.