BAKI, 26 oktyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı sülh danışıqlarının yeni mərhələsindən NATO-nun genişlənməsi məsələsində güzəştlər əldə etmək və alyansın müdafiə potensialını zəiflətmək üçün istifadə etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.

Putinin köməkçisi Yuri Uşakov Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında keçiriləcək danışıqlara Avropa ölkələrinin də cəlb edilməli olduğunu bildirib. Onun sözlərinə görə, Avropa ölkələrinin iştirakı razılaşmaların əldə olunmasında həlledici əhəmiyyət daşıyacaq. Diplomatik mənbələrin məlumatına görə, bu tələb NATO-nun genişlənməsi məsələsində güzəştlərə nail olmaq istəyi ilə bağlıdır.

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, Putinin NATO-nun Avropadakı hərbi mövcudluğunun 1997-ci il səviyyəsinədək azaldılmasını tələb edəcəyi ehtimal olunur. Həmin dövr keçmiş Şərq bloku ölkələrinin alyansa üzvlüyündən əvvəlki mərhələni əhatə edir. Bu, NATO qoşunlarının Polşa, Estoniya, Latviya və Litvadan, eləcə də 2023-cü ildə alyansa qoşulan Finlandiyadan çıxarılmasını nəzərdə tuta bilər. Bu beş ölkənin hamısı Rusiya ilə həmsərhəddir.

Uşakov görüşdən ciddi irəliləyiş gözləmədiyini bildirərək onu “sınaq addımı” adlandırıb. Bununla yanaşı, Avropa və Ukrayna rəsmiləri Əbu-Dabidə keçiriləcək danışıqlarda “müharibədən sonrakı Avropa təhlükəsizlik sisteminin daha geniş konteksti”ni müzakirə etməyə hazır olduqlarını ifadə ediblər. Bununla belə, mənbələr Avropanın Rusiyanın tələblərini qətiyyətlə rədd etmək mövqeyində qaldığını vurğulayıblar.

“Bizim mövqeyimiz 2022-ci ilin yanvarında olduğu kimi dəyişməz olaraq qalır”, - Avropa rəsmilərindən biri NATO-nun keçmiş baş katibi Yens Stoltenberqin Moskvaya göndərdiyi məktuba istinadla söyləyib.

Həmin dövrdə Putin tələblərinin yerinə yetirilməsinin Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinin qarşısını ala biləcəyi ehtimal olunurdu. Amma Qərb alyansı Kremlin narahatlıqlarını müzakirə etməyə razılaşsa da, keçmiş sovet respublikalarının (Latviya, Litva və Estoniya) ərazilərindən qoşunların və nüvə silahlarının çıxarılması ehtimalını qəti şəkildə istisna etmişdi.