BAKI, 26 oktyabr. TELEQRAF
“Düşünürəm ki, biz bu qrupu ikinci pillədə başa vuracağıq. Əsas hədəfimiz axşamkı oyuna köklənməkdir”.
Teleqraf xəbər verir ki, bunu 15 yaşlı futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Famil Xəlilov FİFA U-15 dunya çempionatının qrup mərhələsində İsraillə (3:1) oyundan sonra deyib.
Mütəxəssis komandasının çıxışını dəyərləndirərkən dünənki məğlubiyyətdən sonra futbolçuların ruhdan düşmədiyini vurğulayıb:
“Komandamız layiqli qələbə qazandı. Dünənki məğlubiyyətdən sonra ruhdan düşmədilər, oyuna daha yaxşı hazırlaşdılar və geri dönüş edə bildilər. Uşaqlar təzyiqin öhdəsindən gələ bildilər, bizi sevindirən amillərdən biri də budur”.
O, Azərbaycan və Haiti komandalarının hər birinin 9 xala malik olduğunu xatırladaraq qrupda ikinci yer uğrunda mübarizəyə toxunub:
“Hazırkı vəziyyətdə qrupu böyük ehtimalla Avstraliya komandası lider kimi başa vuracaq. Bizim də, Haiti komandasının da 9 xalı var. İkincilik uğrunda mübarizə aparırıq. Bu baxımdan axşamkı oyunun əhəmiyyəti böyükdür. İstənilən heç-heçə və ya qələbə nəticəsində qrupu ikinci pillədə başa vuracağıq. Buna fokuslanmışıq. B qrupunun tərkibi bəlli olduqdan sonra həmin qrupda mübarizəmizi davam etdirəcəyik. Orada da beş oyunumuz olacaq”.
Famil Xəlilov heyətdəki əvəzetmələrin səbəbini və futbolçuların inkişaf prioritetini də açıqlayıb:
“Həm axşamkı oyun üçün balanslı hərəkət etməyi düşünürdük, həm də digər uşaqlara bərabər oyun vaxtı vermək istəyirik. İlk növbədə futbolçuların inkişafını düşünürük. Yanımızda olan 14 futbolçunun hamısının inkişaf etməsini, bizimlə olduqları müddətdə bərabər oyun şansı qazanmasını istəyirik”.
Komandanın turnirdəki perspektivlərini və çempionatın favoritini dəyərləndirən baş məşqçi konkret komandanı önə çəkməyib:
“Şanslarımızı axşamkı oyundan sonra daha dəqiq müəyyənləşdirmək olar. Çünki hansı qrupa düşəcəyimiz çox önəmlidir. İkinciliklə başa vuran komandaları təhlil etdikdən sonra növbəti mərhələ ilə bağlı fikirləşmək olar. Konkret favorit var deməzdim, çünki sürpriz komandaların da çempion olmaq ehtimalı var”.