BAKI, 12 oktyabr. TELEQRAF

“Yəmənlə (İranın dəstək verdiyi qiyamçı husiləri nəzərdə tutur – red.) Səudiyyə Ərəbistanı arasında müharibədən narahatıq və iki müsəlman ölkəsi arasında müharibə və qarşıdurma olmasını istəmirik”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Diplomat husilər və Səudiyyə Ərəbistanı arasında gərginliyin yüksələn xətt üzrə getdiyini bildirib:

“Ərəbistan yarımadasında baş verən hadisələrdən narahatıq. Dəfələrlə bu məsələyə kömək etməyə, həll səylərinə və tərəflər arasında danışıqlar aparmağa hazır olduğumuzu bildirmişik, çünki iki İslam ölkəsi arasında müharibə və gərginlik istəmirik”.

Bəqayi qeyd edib ki, Yəmən məsələsi yəmənlilər və Səudiyyə Ərəbistanı arasındakı razılaşma ilə daha əvvəl həll edilməli idi: “Yəmən və Səudiyyə Ərəbistanı arasında yol xəritəsi razılaşdırılmışdı, biz də tərəflərə onların razılaşdırdıqları hər şeyi dəstəklədiyimizi və həyata keçirilməsində israrımızı vurğulamışdıq, amma bu baş vermədi”.