BAKI, 12 oktyabr. TELEQRAF

“Avropa Parlamentinin və ya Avropa İttifaqının nümayəndələrinin Fransada baş verənləri pislədiklərini eşitmisinizmi? Gürcüstanda isə müxalifətin zorakılığını “dinc aksiya” kimi təqdim ediblər”.

Teleqraf xəbər verir ki, bunu Tbilisi meri və hakim “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze Fransada baş verən aksiyalarla bağlı avropalı siyasətçilərin mövqeyinə dair jurnalistin sualını cavablandırarkən deyib.

“Avropa Parlamentinin hansısa nümayəndəsinin və ya yüksək vəzifəli şəxsin Fransada, Brüsseldə baş verənləri pislədiyini eşitmisinizmi? Belə bir bəyanat olmayıb. Gürcüstana gəlincə, həmin zorakı qrupların aksiyalarını “dinc nümayiş” adlandırırdılar. Fərq budur və xalq bunu görmür?

Sonra təəccüblənirlər ki, cəmiyyətin əksəriyyəti niyə özlərini avropalı siyasətçilər kimi təqdim edən bu şəxslərə mənfi münasibət bəsləyir. Öz fikirləri yoxdur: nə tapşırırlarsa, “dərin dövlət” nə deyirsə, onu edirlər və həmin bəyanatlarla kifayətlənirlər”, - Kaladze bildirib.