BAKI, 12 oktyabr. TELEQRAF
"Müasir dövrdə təhsil yalnız bilik və bacarıqların ötürüldüyü sahə deyil, həm də dövlətin gələcəyini, cəmiyyətin mənəvi əsaslarını və milli kimliyini formalaşdıran strateji institutdur. Bu baxımdan dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsinə yalnız zahiri görünüş və məktəbdaxili intizam məsələsi kimi deyil, dövlətçilik maraqları, dünyəvi təhsil prinsipləri, sosial bərabərlik və gənc nəslin sağlam dünyagörüşünün formalaşdırılması kontekstində yanaşılmalıdır".
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, tarixçi alim Vasif Qafarov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlərdə ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olduğu xüsusi vurğulanıb: "Qloballaşma, rəqəmsal kommunikasiya və sosial şəbəkələrin geniş təsir imkanları şəraitində uşaqların və gənclərin müxtəlif ideoloji təsirlərlə üzləşməsi dövlətin qarşısında yeni vəzifələr yaradır. Bu baxımdan təhsil sisteminin əsas funksiyalarından biri yalnız bilikli, savadlı deyil, həm də milli kimliyini dərk edən, müstəqil düşünmə qabiliyyətinə malik, vətənpərvər və hüquq mədəniyyəti formalaşmış vətəndaş yetişdirməkdir.
Məktəblərdə vahid geyim tələblərinin tətbiqi də bu ümumi yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Vahid məktəbli forması şagirdlər arasında sosial, dini və digər fərqlərin ön plana çıxmasının qarşısını almağa, kollektivə aidlik hissini gücləndirməyə və məktəbdə vahid nizam-intizam mühitinin formalaşmasına xidmət edir. Məktəb şagirdlərin sosial statusuna, ailə imkanlarına və fərqli dünyagörüşlərinə görə ayrıldığı deyil, bərabər hüquqlar və ortaq təhsil məqsədləri ətrafında birləşdiyi məkan olmalıdır.
Azərbaycanın dövlətçilik modelində dünyəvilik dini dəyərlərin inkarı deyil, dövlət və təhsil idarəçiliyinin dünyəvi hüquq normaları əsasında təşkili deməkdir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununda millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi müəyyən edilib. Bu prinsip milli və ümumbəşəri dəyərlərin qorunmasını, eyni zamanda dünyəvi təhsil sisteminin inkişafını nəzərdə tutur.

Məktəb uşaqların dünyagörüşünün formalaşdığı məkandır. Məktəb mühitində hər hansı dini və ya ideoloji baxışın yer alması və şagirdlərin bu baxımdan qruplaşdırılması yolverilməzdir. Dövlətin və təhsil müəssisələrinin vəzifəsi uşaqları hər hansı inanca yönəltmək deyil, onların bilik əldə etməsinə, sərbəst düşünməsinə və şəxsiyyət kimi inkişafına şərait yaratmaqdır.
Bu kontekstdə məktəbli geyiminə dair vahid tələblər dini etiqad azadlığının məhdudlaşdırılması kimi deyil, ümumi təhsil müəssisələrində hamı üçün müəyyən edilmiş qaydaların tətbiqi kimi başa düşülməlidir. Eyni zamanda bu qaydaların tətbiqi zamanı hər bir uşağın hüquqlarının qorunması, ayrı-seçkiliyə yol verilməməsi və qanunvericiliyin tələblərinə riayət olunması əsas şərt olmalıdır.
Məsələnin mühüm tərəflərindən biri uşaqların dini dünyagörüşünün formalaşması ilə bağlıdır. Uşaqların hüquqlarının qorunması, onların müxtəlif təsir və təzyiqlərdən müdafiə olunması dövlətin və cəmiyyətin ortaq məsuliyyətidir. Uşağın ailədə dini və milli-mənəvi dəyərlər əsasında tərbiyə alması ilə onun məktəb mühitində müəyyən dini davranışlara məcbur edilməsi eyni anlayışlar deyil.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsi valideynlərin qarşılıqlı razılıq əsasında uşaqlarını dini əqidələrinə və dinə münasibətlərinə uyğun tərbiyə edə bilməsini nəzərdə tutur. Həmin maddəyə əsasən, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır və dini tərbiyə onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.
Bu müddəalar uşağın hüquq və mənafelərinin qorunmasının vacibliyini göstərir. Burada əsas məqsəd uşağın dini seçimə görə məcburiyyət, təzyiq və ayrı-seçkiliklə üzləşməməsini təmin etmək, onun yaşına və inkişaf xüsusiyyətlərinə uyğun müstəqil dünyagörüşünün formalaşmasına şərait yaratmaqdır. Valideynlərin tərbiyə hüququ ilə uşağın hüquqları və maraqları arasında tarazlıq qorunmalı, təhsil müəssisəsinin dünyəvi xarakteri təmin edilməlidir".
Deputat bildirib ki, təhsilalanlarla yanaşı, təhsilverənlərin geyiminə dair tələblər də məktəb mühitində peşəkarlığın, məsuliyyətin və təşkilati mədəniyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır: "Müəllim yalnız fənn biliklərini çatdıran şəxs deyil, həm də davranışı, ünsiyyəti və peşəkar münasibəti ilə şagirdlərə nümunə göstərən pedaqoqdur. Müəllimlərin səliqəli, sadə və işgüzar üslubda geyinməsi tədris mühitinin xüsusiyyətlərinə uyğun davranış mədəniyyətinin formalaşmasına kömək edir. Burada məqsəd müəllimlərin fərdi şəxsiyyətini və ləyaqətini məhdudlaşdırmaq deyil, məktəbin ictimai nüfuzunu və pedaqoji fəaliyyətin peşəkar standartlarını qorumaqdır.
Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq tələblər təhsilverənlərin geyimində vahid yanaşmanın təmin edilməsinə yönəlib. Qaydaların tətbiqi zamanı müəllimin əmək funksiyasının xüsusiyyətləri, fənnin tədris şəraiti, mövsüm və rahatlıq amillərinin nəzərə alınması da vacibdir.
Azərbaycanın dünyəvi dövlət modeli dini tolerantlıq, multikulturalizm və müxtəlif inanclara hörmət prinsipləri ilə uzlaşır. Ölkədə dini abidələrin bərpası, dini icmalara dəstək göstərilməsi və dinlərarası dialoqun təşviqi dövlətin milli-mənəvi irsə münasibətinin mühüm istiqamətləridir. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin və digər tarixi-dini abidələrin bərpası da bu irsin qorunmasının əhəmiyyətini göstərir.
Bu səbəbdən məktəblərdə vahid geyim qaydaları ilə bağlı müzakirələrdə dünyəviliklə dinə hörmət arasında süni qarşıdurma yaradılmamalıdır və bu yolverilməzdir. Dövlətin vəzifəsi nə dini inancları sıxışdırmaq, nə də təhsil məkanının hər hansı dini təsirin üstünlük təşkil etdiyi mühitə çevrilməsinə şərait yaratmaqdır. Əsas məqsəd qanunla müəyyən edilmiş ümumi qaydaları qorumaq, bütün şagirdlər üçün bərabər və təhlükəsiz təhsil mühiti yaratmaqdır. Həmçinin dini geyimlə bağlı məsələlər müzakirə edilərkən bütün dini icmaların və inancların nümayəndələrinə münasibətdə eyni hüquqi meyarlar tətbiq olunmalı, ayrı-seçkilik yaradan yanaşmalardan çəkinilməlidir. Maarifləndirmə, valideynlərlə dialoq və hüquqi normaların aydın izahı bu sahədə mümkün anlaşılmazlıqların aradan qaldırılmasına kömək edə bilər".
Vasif Qafarov vurğulayıb ki, dövlət ümumi təhsil müəssisələrində geyim tələbləri yalnız zahiri nizam-intizam məsələsi deyil: "Bu, dünyəvi təhsilin qorunması, sosial bərabərliyin möhkəmləndirilməsi, məktəbin institusional nüfuzunun artırılması və uşaqların sağlam dünyagörüşünün formalaşdırılması ilə əlaqəli məsələdir. Dövlət maraqları baxımından əsas yanaşma milli-mənəvi dəyərlərlə müasir təhsil prinsiplərinin uzlaşdırılması, uşaqların hüquqlarının qorunması və təhsil məkanında vahid, aydın, hüquqi cəhətdən əsaslandırılmış qaydaların tətbiqidir.
Güclü dövlətçilik yalnız sərhədlərin və ərazi bütövlüyünün qorunması ilə məhdudlaşmır. O, eyni zamanda düşünən, bilikli, milli kimliyinə bağlı və hüquqlarına hörmət edilən vətəndaşların yetişdirilməsini tələb edir. Məktəb bu vəzifənin həyata keçirildiyi əsas məkanlardan biridir".