BAKI, 25 iyul. TELEQRAF
Əməkdar artist Təyyar Bayramov Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Təyyar müəllim, son zamanlar sizi televiziya ekranlarında tez-tez görmürük. Bu, şəxsi seçiminizdir?
- Veriliş seçimində kifayət qədər həssasam. Hər dəvəti qəbul etmirəm və yalnız məzmunu, formatı və peşəkarlıq səviyyəsi mənə uyğun olan layihələrə qatılıram. Hazırda efirə çıxdığım verilişlərin sayı çox deyil, ara-sıra 4-5 proqramda qonaq oluram.
- Verilişlərə qatılarkən sizin üçün hansı meyarlar önəmlidir? Dəvəti qəbul etməzdən əvvəl hər hansı şərtləriniz olur?
- Xüsusi şərtlər irəli sürmürəm. Sadəcə çalışıram ki, iştirak etdiyim verilişlərdə peşəkar və sözünü bilən insanlar olsun. Əvvəllər buna o qədər də diqqət yetirmirdim. Amma sonradan gördüm ki, bəzən sənətdən anlayışı olmayan insanlar da eyni müzakirələrdə yer alırlar. Belə olanda sağlam fikir mübadiləsi aparmaq mümkün olmur. Bununla belə, dəvət aldığım verilişlərdə iştirak etməyə çalışıram. Çünki hesab edirəm ki, milli musiqimizi təbliğ etmək bizim borcumuzdur. Bu gün efirlərdə daha çox dövrün tələbinə uyğun, dinamik və kommersiya yönümlü mahnılara üstünlük verilir. Milli musiqimiz, xalq mahnıları və təsniflər isə əvvəlki qədər səsləndirilmir. Mən isə efirlərdə məhz xalq mahnıları və təsniflər ifa etməyə üstünlük verirəm. Çünki bu musiqi irsini gənc nəslə çatdırmaq lazımdır. Biz həmin mahnılarla böyümüşük, bugünkü yeniyetmələr və uşaqlar da onları eşitməli, milli musiqimizi tanımalıdırlar. Elə mahnılar var ki, zamanla itib-batıb və bizə gəlib çatmayıb. Heç olmasa qorunub saxlanılan nümunələri gələcək nəsillərə ötürə bilək.
Düşünürəm ki, sənət adamı yalnız kommersiya məqsədilə mahnılar hazırlamamalıdır. Əgər iki mahnı kommersiya üçün yazdırılırsa, heç olmasa digər ikisi xalq, milli musiqi və sənət naminə ərsəyə gəlməlidir.
- Muğam sənətinin inkişafı və təbliği istiqamətində dövlət tərəfindən mühüm layihələr həyata keçirilir. Ümumiyyətlə, gənclərin muğam sənətinə münasibətini necə qiymətləndirirsiniz?
- Gənclərin muğam sənətinə marağı hazırda kifayət qədər yüksəkdir. Bu sahəyə böyük axın var və hesab edirəm ki, bunun əsas səbəblərindən biri muğam müsabiqələrinin keçirilməsi və onların verdiyi nəticələrdir. Müsabiqə iştirakçıları göstərilən qayğını, yaradılan şəraiti görür, digər gənc ifaçılar da bunu müşahidə edərək bu sənətə üz tuturlar. Təbii ki, onların gələcəkdə bu sənətdə nə dərəcədə uğur qazanacaqları zamanla bəlli olacaq. Ancaq bu gün muğama olan münasibət olduqca sevindiricidir. İstər yaşlı, istər orta, istərsə də gənc nəsil muğama böyük maraq göstərir. Məni xüsusilə sevindirən məqamlardan biri də azyaşlı uşaqların milli musiqimizə maraq göstərməsidir. Dəfələrlə balaca uşaqlar mənə yaxınlaşaraq "Qarabağ şikəstəsi"ni ifa etməyimi xahiş ediblər. Bu, çox qürurverici və ümidverici mənzərədir. Əlbəttə, burada ailənin rolu da çox böyükdür. Valideynlər milli musiqimizə diqqət və qayğı göstərərsə, uşaqlar da milli-mənəvi dəyərlər ruhunda böyüyər, muğamı və xalq musiqisini sevərək gələcək nəsillərə yaşadarlar.

- Siz 27 yaşınızda bu sənətə gəlmisiniz. Sizə Xalq artisti Mənsum İbrahimov dəstək olub. Bu gün eyni istedada malik, sənətə gec başlayan bir gəncə siz də eyni dəstəyi göstərərsinizmi?
- Bu gün mən də istedadlı gənclərə dəstək olmağı özümə borc bilirəm. Sizin də qeyd etdiyiniz kimi, mənim sənətə gəlişimdə Mənsum İbrahimovun xüsusi rolu olub. Onun qayğısından, sənətkarlığından və dəstəyindən bəhrələnmişəm. Mənsum müəllim gənclərə heç vaxt dəstəyini əsirgəməyib. Mən də bu ənənəni davam etdirməyə çalışıram, tələbələrimə eyni münasibətlə yanaşıram. İstedadlı gənclərə hər zaman kömək edir, onların inkişafı üçün əlimdən gələni edirəm. İllər ərzində çox sayda tələbə yetişdirmişəm və onların uğurları mənim üçün böyük qürur mənbəyidir.
- Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmisiniz. Bir müddət öz ixtisasınızla bağlı fəaliyyət göstərmisiniz. Muğam sənətinə gəldiyiniz üçün nə vaxtsa peşman olmusunuzmu?
- Xeyr, bu sənəti seçdiyimə görə heç vaxt peşman olmamışam. İnsan sevdiyi peşə ilə məşğul olursa, peşmanlıq hissi yaşamır. Təbii ki, yolda müəyyən çətinliklər və ləngimələr ola bilər. Amma əzmlə çalışan insan üçün bunlar sadəcə keçici mərhələlərdir. Mənsum İbrahimovun mənə dediyi bir söz bu gün də yolumu işıqlandırır. İlk dəfə onun yanına gedəndə dedi ki, sən idmançı olmusan və bu sənət də idman kimidir – daim məşq etməli, öz üzərində çalışmalı, sənəti formada saxlamalısan. Əgər əzm və zəhmət yoxdursa, bu sənətdə uğur qazanmaq mümkün deyil. Muğam həm çətin, həm də son dərəcə şərəfli bir sənətdir. Mən bu sənətin daşıyıcısı olmaqdan qürur duyuram. İndiyədək 35-dən çox ölkədə Azərbaycan muğamını təbliğ etmişəm və bunu həyatımın ən böyük nailiyyətlərindən biri hesab edirəm. Buna görə də seçdiyim peşəyə görə heç vaxt peşman olmamışam.
- Milli Konservatoriyada müəllim kimi fəaliyyət göstərirsiniz. Yeni başlayan tələbələrinizə ilk və ən vacib tövsiyəniz nə olur?
- İlk tövsiyəm budur ki, tələbələr mütləq ustad sənətkarları dinləsinlər. Təkcə bu günün deyil, artıq aramızda olmayan böyük sənətkarlarımızın ifalarını da mütəmadi dinləmək lazımdır. Dinləmək özü də bir məktəb, mütaliədir. Bu gün gənclər müxtəlif xalqların musiqilərini böyük maraqla ifa edirlər. Axı həmin sənətkarlar gəlib onlara dərs keçməyiblər. Onlar dinləyə-dinləyə, araşdıra-araşdıra öyrəniblər. Muğam sənətində də bu, çox vacibdir.
Mən həmişə deyirəm ki, uşaqlıqdan evdə milli musiqi dinləyən, ana laylası və ninnisi ilə böyüyən insanların musiqi duyumu tam fərqli olur. Ana laylası insanın musiqi zövqünün formalaşmasında mühüm rol oynayır. Müəllimlik fəaliyyətimdə bunun dəfələrlə şahidi olmuşam. Belə tələbələr proqramı digərlərindən daha qısa müddətdə mənimsəyirlər. Bu, ilk növbədə ailədə formalaşan musiqi mühiti ilə bağlıdır. Tələbələrimə hər zaman böyüklərə, ustad sənətkarlara hörmətlə yanaşmağı tövsiyə edirəm. Sənətdə özündən cəmi bir yaş böyük olan insana belə ehtiram göstərmək lazımdır.
Biz bu tərbiyəni ustadlarımızdan görmüşük. Həmçinin onlara deyirəm ki, heç vaxt statuslarından böyük danışmasınlar. Qoy uğurlarını müəllimləri və sənətkarlar qiymətləndirsin. Özləri isə başlarını aşağı salıb sənətləri ilə məşğul olsunlar. Mənsum İbrahimovun bir tövsiyəsini də hər zaman tələbələrimə çatdırıram: Ağac bar verdikcə başını aşağı əyər. İnsan sənətdə yüksəldikcə daha təvazökar olmalıdır. Ola bilər ki, sənə daş atsınlar, amma sən hər atılan daşa yalnız sənətinlə cavab verməlisən.
- Müsahibələrinizin birində qeyd etmisiniz ki, sənətə gəlməyinizdə ananızın dəstəyi həlledici rol oynayıb. Müəyyən müddət hüquq sahəsində fəaliyyət göstərmisiniz. Hüquqdan sənətə keçid necə baş verdi?
- Bəli, muğam sənətinə anamın istəyi ilə gəlmişəm. Açığı, özüm bu sahəyə gəlmək istəmirdim. Həmin dövrdə məhkəmə orqanlarında çalışırdım. Qarabağ bölgəsində gözəl səsə malik olmaq qeyri-adi hal sayılmırdı. Demək olar ki, bütün qohum-əqrəbamın səsi var idi. Tələbəlik illərində institutda keçirilən tədbirlərin birində mahnı ifa etdim və çıxışdan sonra universitetin rektoru Fərahim Sadıqov da bu sahə ilə məşğul olmağı tövsiyə etdi. Ancaq yenə də peşəkar şəkildə musiqi ilə məşğul olmağı düşünmürdüm. Bir gün anam televiziyada Mənsum İbrahimovun çıxışını izləyib. Mənsum müəllim istedadlı gənclərə dəstək olduğunu vurğulayıb. Anam dayımla birlikdə onun yanına gedib deyib ki, "Mənim bir oğlum var. Uşaq deyil, 27 yaşı var. Düşünürəm ki, yaxşı ifaçı ola bilər. Siz də səsinə qulaq asın". Mənsum müəllim isə cavab verib ki, oğlunuz gəlsin, səsinə baxaq. Mən əvvəlcə anama narazılıq etdim ki, niyə gedib belə bir söhbət edib. Amma anamın sözü yerə düşməsin deyə Mənsum müəllimlə görüşməyə razılaşdım. Mənsum İbrahimov səsimə qulaq asandan sonra dedi ki, bu vaxta qədər niyə bu sənətlə məşğul olmamısan? Mənim musiqi təhsilim yox idi. Düşmənlərimizin Ağdama hücumu səbəbindən təhsilimi davam etdirmək mümkün olmamış, yarımçıq qalmışdı. Atam Şahmalı Kürdoğlunun, Arif Babayevin və digər böyük xanəndələrin lent yazılarına qulaq asardı, mən uşaqlıqdan o mühitdə böyümüşəm. Ona görə də deyirəm ki, insan bəzən musiqi təhsili almasa da, davamlı dinləməklə, öyrənməklə və mütaliə etməklə böyük təcrübə qazana bilər. Elə insanlar var ki, musiqi təhsili yoxdur, amma daim öyrəndikləri üçün yüksək səviyyədə ifa edirlər. Mən mahnı oxudum və Mənsum müəllim dedi ki, sənin yaxşı səsin var. Mən də ona dedim ki, məqsədim ilk növbədə öyrənməkdir, sizin sinfinizdə gəlim oturum və muğamlarımızı öyrənim. Daha sonra Mənsum müəllim məni Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımova təqdim etdi. O da səsimə qulaq asdı və dedi ki, bu səs həmin təhsil ocağının tələbəsi olmağa layiqdir. Beləliklə, ikinci ixtisas kimi Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olundum. Sonra muğam müsabiqələrində iştirak etdim, opera fəaliyyətinə başladım və müxtəlif müsabiqələrdə uğur qazandım. Düşünürəm ki, bunların hamısı Allahın mənə verdiyi bir şansdır.

- Mənsum İbrahimov sizə verdiyi ilk dəstək və yönləndirmə karyeranızın dönüş nöqtəsi oldu. Sizcə, o olmasaydı, sənət yolunuz necə formalaşardı?
- Əlbəttə ki, bu sənətdə olmaya bilərdim. Valideyn hər zaman övladının xoşbəxt olmasını, sevdiyi sahədə uğur qazanmasını istəyir. Anam bir vaxtlar Səbail rayonunda şəhid ailələri cəmiyyətinin sədri idi. Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən tədbirlərin birində tanınmış sənətkarlardan birinə mənimlə bağlı müraciət edib. Həmin sənətkar isə "İstəyir Bülbül olsun, səsi göylərə ucalsın, bu sahədə irəliləmək üçün adamın və pul olmalıdır", - deyə cavab verib. Həmin sənətkarın adını çəkmək istəmirəm. Əlbəttə ki, Mənsum İbrahimov məni tamamilə fərqli qarşıladı. Səsimə qulaq asdı, mənə yol göstərdi və dəstək oldu. Bu, mənim sənət yolumun dönüş nöqtəsinə çevrildi. Əslində, ondan əvvəl də mənə musiqi ilə məşğul olmağı təklif edənlər olub. Bir iş adamı səsimi bəyəndiyini deyərək tanınmış sənətkarlardan dərs almağımı tövsiyə etmişdi. Lakin həmin dövrdə mən peşəkar idmanla məşğul olurdum. "Dinamo" Cəmiyyətinin üzvü idim, Yunan-Roma güləşi və sair... Gələcəyimi hüquq-mühafizə orqanlarında, cinayətkarlıqla mübarizə sahəsində görürdüm. Buna görə də həmin təklifə ciddi yanaşmadım. Hərbi xidmət dövründə də mənə musiqi ilə bağlı təkliflər olmuşdu. Lakin o vaxt da düşüncələrim tamamilə başqa sahəyə yönəlmişdi. Beləliklə, Mənsum İbrahimovla görüşdükdən sonra gördüm ki, musiqi sahəsində təhsil alıram. Sonra Mədəni Maarif Kollecində müəllim kimi fəaliyyətə başladım. 2011-ci ildən etibarən isə Asəf Zeynallı adına Musiqi Kollecində və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətimi davam etdirirəm. Müəllimlik peşəsinə olan sevgim və bu sahəyə marağımın formalaşmasında Mənsum müəllimin böyük rolu olub.
- Oğlunuz Kənan Bayramovun Şuşada səsləndirdiyi "Bayatı-Şiraz" ifası geniş tamaşaçı rəğbəti qazandı. Daha sonra səsinin formalaşması ilə əlaqədar yaradıcılığına fasilə verildi. Hazırda onun musiqi təhsili və yaradıcılıq fəaliyyəti hansı mərhələdədir?
- Kənan hazırda Azərbaycan Milli Konservatoriyasının dördüncü kurs tələbəsidir və Xalq artisti Mənsum İbrahimovun sinfində təhsil alır.
Bilirsiniz ki, oğlan uşaqlarında səsin dəyişmə dövrü adətən 13 yaşdan sonra başlayır. Bəzilərində bu proses 14-15 yaşlarında müşahidə olunur, səsin tam oturuşması isə əksər hallarda 18-21 yaş arasında baş verir. Bu, hər kəsdə fərqli gedən və müəyyən mənada Allahın verdiyi qismətdir. Heç kim dəqiq deyə bilməz ki, səs nə vaxt tam formalaşacaq. Hazırda Kənan əsas diqqətini təhsilinə yönəldib. Mən hesab edirəm ki, gənc ifaçı erkən tanınanda və fəaliyyətinin ən görünən dövrünü yaşayanda, bəzən təhsil ikinci plana keçir. Bunu illərdir müxtəlif müsabiqələrdə də müşahidə etmişəm. Müsabiqə dövründə ifaçılar öyrənməyə daha həvəsli olurlar, lakin müəyyən uğurlar qazandıqdan sonra həmin həvəs bəzən zəifləyir. Təbii ki, sənətini ürəkdən sevən və peşəkar olmaq istəyən ifaçılar öyrənməkdən heç vaxt vaz keçmirlər. Bu səbəbdən istəyirəm ki, Kənan ilk növbədə peşəkar musiqi təhsili alsın. O, hazırda nəzəri fənlər və fortepiano üzrə də dərslər alır, öz üzərində çalışır. İnanıram ki, bu əzmkarlığı davam etdirsə, gələcəkdə peşəkar bir musiqiçi kimi formalaşacaq. Çünki istənilən sahədə uğurun əsas şərti daim öz üzərində çalışmaq və öyrənməkdir.

- Nəsiminin "Sığmazam" qəzəlini məşhur müğənni Sami Yusufla birgə ifa etməyiniz böyük maraq doğurdu. Gələcəkdə sizi yenidən eyni səhnədə görə biləcəyikmi?
- Bəli, Sami Yusufla əməkdaşlığımız Bakıda baş tutan konsertdən sonra da davam etdi. 2022-ci ilin 22-23 oktyabrında Dubayda möhtəşəm konsertlərimiz oldu. Həmin konsertlərdə açılış çıxışını mənə həvalə etmişdi və mən də Nəsiminin "Sığmazam" kompozisiyasını ifa etdim.
Ümumiyyətlə, "Sığmazam" çox dəyərli və təsirli bir əsərdir. Sami Yusuf mənə oğlum Kənanla bağlı işbirliyi təklif etdi. Lakin mən hesab etdim ki, müəyyən yaş dövründə səsdə dəyişikliklər baş verə bilər. Səsi artıq yükləmək və riskə atmaq istəmədim. Düşündüm ki, səs tam formalaşdıqdan və oturuşduqdan sonra gələcək əməkdaşlıqları dəyərləndirmək daha doğru olar. Hazırda da ara-sıra Sami Yusufla yazışırıq. O, konsertlərimizlə bağlı paylaşımlar edəndə məni də qeyd edir. Bu, mənim üçün çox xoş və dəyərli münasibətdir. Sami Yusufla eyni səhnəni bölüşmək böyük qürur hissidir. O, təkcə dünya şöhrətli sənətkar deyil, həm də yüksək insani keyfiyyətlərə malik, son dərəcə səmimi bir insandır. Gələcəkdə yenidən belə bir əməkdaşlıq təklifi olsa, böyük məmnuniyyətlə qəbul edər və eyni səhnəni yenidən paylaşaram.
- Sizin yaratdığınız Şah İsmayıl obrazı opera sənətində yaddaqalan ifalardan biridir. Hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından yeni tamaşalar və opera layihələri ilə bağlı təkliflər alırsınızmı?
- 2004-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistiyəm. Səhnə fəaliyyətim ərzində "Leyli və Məcnun" operasında İbn Salam, daha sonra Məcnunun atası, "O olmasın, bu olsun" tamaşasında xanəndə, "Natəvan" operasında isə aşıq rollarını ifa etmişəm. Baş rollardan isə 2006-cı ildən ifa etdiyim Müslüm Maqomayevin "Şah İsmayıl" operasındakı Şah İsmayıl roludur. Bu obraz yaradıcılığımda xüsusi yer tutur və tamaşaçılar tərəfindən də hər zaman böyük maraqla qarşılanıb.
Sevindirici haldır ki, sentyabrın 20-də "Şah İsmayıl" operası yenidən səhnəyə qoyulacaq. Xüsusi qürur hissi keçirirəm ki, bu dəfə Şah İsmayıl obrazını mənim tələbəm, Milli Muğam Müsabiqəsinin qalibi və artıq səhnəmizin tanınmış sənətçilərindən biri olan Mirəli Sarızadə canlandıracaq.
- Xalq artisti Azər Zeynalov Heydər Əliyev Sarayında səhnələşdirilən Cüzeppe Verdinin "Otello" operasında rejissor-quruluşçu kimi çıxış edib və eyni zamanda Otello obrazını canlandırıb. Sizin necə gələcəkdə hansısa tamaşaya quruluş vermək fikriniz varmı?
- Mən hesab edirəm ki, hər sənətkar öz ixtisası və peşəkar istiqaməti üzrə fəaliyyət göstərməlidir. Hər sənətin öz peşəkarı var və bu, sənətə göstərilən hörmətin göstəricisidir. Azər müəllimin ilk ixtisası rejissorluqdur. O, çox dəyərli sənətkarımızdır və yaratdığı əsərləri hamımız sevir, onlardan bəhrələnirik. Kənan vokal dərslərini Azər müəllimdən alır. Eləcə də mahnı janrından Pərvin Lətifovdan dərs alır. Mən düşünmürəm ki, ifaçı yalnız muğamla kifayətlənməməlidir. O, vokal texnikasını, müxtəlif janrları və səhnə mədəniyyətini də mənimsəməlidir. Rejissorluğa gəlincə, Azər müəllim bu sahənin təhsilini almış bir sənətkardır və istənilən halda quruluş vermək hüququ və bacarığı var. Gələcəkdə hansısa tamaşaya quruluş vermək olar, amma opera sahəsində də kifayət qədər peşəkar rejissorlarımız var. Məsələn, Hafiz Quliyev, Nicat Kazımov və digər rejissorlarımız bu sahədə uğurla fəaliyyət göstərirlər.
- Bir çox tələbələr ustadlarına bənzəməyə çalışırlar. Siz də bu mərhələdən keçmisinizmi? Bu gün tələbələrinizdə bunu müşahidə edirsinizmi?
- Bu, tamamilə təbii bir haldır. Bizdə də belə olub. Müəllimimizə o qədər diqqətlə baxırdıq ki, onun üz ifadələrini, qavalı necə tutmasını, səhnədə davranışını belə təqlid edirdik. Bu, sənətdə öyrənmə prosesinin normal mərhələsidir. Təbii ki, zaman keçdikcə, püxtələşdikcə insan öz yolunu və fərdi üslubunu tapır. Ustadlardan bəhrələnirsən, hər birindən özün üçün dəyərli cəhətlər götürürsən.
Əlibaba Məmmədov həmişə deyirdi ki, bu yaşımda da həm öyrədirəm, həm də öyrənirəm. Bu fikir bizim üçün böyük həyat dərsi idi. Mən də Mənsum İbrahimovun ifa zamanı qavalla davranışından, gülümsəməsindən, üz ifadələrindən və səhnə mədəniyyətindən çox şey öyrənmişəm.
Mənsum İbrahimov bizə daim tövsiyə edirdi ki, güzgünün qarşısında məşq edin, əgər özünüzü bəyənsəniz, demək tamaşaçı da sizi bəyənəcək.

- Sizcə, muğam sənəti bu gün inkişafının hansı mərhələsindədir?
- Muğam sənətinə dövlət qayğısı, keçirilən müsabiqələr və müxtəlif tədbirlərdə muğam ifaçılarının iştirakının təmin olunması, əlbəttə ki, sevindirici haldır. Ancaq hesab edirəm ki, muğam dəstgahlarının ifası üçün əvvəlki kimi geniş meydan qalmayıb. Vaxtilə sənətkarlarımız məclislərdə, el şənliklərində dəstgahlar ifa edirdilər. Bu ənənə bu gün əsasən Bakı kəndlərində və bəzi toy məclislərində yaşadılır, lakin əvvəlki kimi deyil. Muğama, xalq mahnılarımıza və təsniflərimizə kifayət qədər yer ayrılmır.
Düşünürəm ki, bu sahədə məsuliyyət təkcə muğam ifaçılarının deyil, eyni zamanda televiziya kanallarının da üzərinə düşür.
Necə ki, Azərbaycan dilini yad təsirlərdən qorumağa çalışırıq, eləcə də muğamımızı yad ifa tərzlərindən qorumalıyıq. Muğam bizim milli-mənəvi irsimizdir və özünəməxsus xüsusiyyətləri ilə digər Şərq ölkələrinin muğam ənənələrindən seçilir.
1925-ci ildə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə tərtib olunan muğam proqramı sonrakı illərdə müəyyən dəyişikliklərə məruz qalsa da, əsas quruluşunu bu günə qədər qoruyub saxlayıb. Azərbaycan muğamının şöbə quruluşu, zəngulələri, melodik axını və ifa üslubu tamamilə özünəməxsusdur. Məhz bu xüsusiyyətlər ona fərqlilik qazandırır və dinləyicidə xoş təəssürat yaradır. Buna görə də bu sənəti olduğu kimi qorumaq və gələcək nəsillərə çatdırmaq vacibdir. Bəzən ifalarda yad, xüsusilə də fars musiqisinə məxsus nəfəs və üslub elementlərinə rast gəlinir. Mən hesab edirəm ki, hər xalq ilk növbədə öz milli sənətini və ifa ənənəsini qorumalıdır. Başqa musiqi mədəniyyətlərinə hörmətlə yanaşmaqla yanaşı, Azərbaycan muğamının özünəməxsus üslubunu da yaşatmalıyıq.
Necə ki, İçərişəhəri tarixi-memarlıq abidəsi kimi böyük həssaslıqla qoruyuruq, muğamımızı da eyni məsuliyyət və qayğı ilə qorumalıyıq.
- Sənətlə bağlı planlarınız nədən ibarətdir?
- Yeni mövsümdə iki xalq mahnısını studiyada lentə almağı planlaşdırırıq.
FOTO: Elnur Muxtar