BAKI, 18 sentyabr. TELEQRAF

Niderlandın paytaxtı Amsterdamın mərkəzində İsrailə dəstək aksiyası zamanı gərginlik yaranıb.

Teleqraf xəbər verir ki, bu barədə RTL telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Dam meydanında baş verib. Şəhər hakimiyyəti həm İsrailə dəstək, həm də Fələstinə dəstək aksiyalarının keçirilməsinə qadağa qoysa da, İsrail tərəfdarları sentyabrın 17-də axşam saatlarında nümayiş keçirməyə cəhd ediblər.

Bu zaman iki fələstinpərəst fəal meydanın yaxınlığındakı binanın eyvanından böyük Fələstin bayrağı asıb və vərəqələr səpələyib. Aksiya iştirakçılarından bəziləri bayrağı binadan götürüblər. Bundan sonra polis binanı mühasirəyə alıb və içəridə olan bir neçə nəfəri saxlayıb.

Daha sonra təxminən 15 fələstinpərəst nümayişçi Dam meydanına doğru hərəkət etməyə çalışsa da, polis onların qarşısını alıb. Meydanın qarşısındakı Milli Abidənin yaxınlığında da Fələstin bayraqları və plakatlarla onlarla fəal toplaşıb.

Polis qarşıdurmanın genişlənməsinin qarşısını almaq üçün tərəflərin arasında təhlükəsizlik xətti yaradıb.

İsrailə dəstək aksiyası bir sıra ictimai təşkilatlar tərəfindən keçirilib. Tədbirdə Niderlandın İslahatçı Siyasi Partiyasının lideri Kris Stofffer və ölkənin baş ravvini Binyomin Yakobs da iştirak edib.