BAKI, 18 sentyabr. TELEQRAF
Suriyada fəaliyyət göstərən “Suriya Demokratik Qüvvələri”nin (SDQ) buraxılması prosesinə qarşı çıxan bəzi silahlıların İran və ya İraqa keçə biləcəyi ehtimal olunur.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi TGRT Haber telekanalının efirində bildirib.
Nazirin sözlərinə görə, SDQ-nin buraxılması prosesinin başlamasından sonra təşkilat daxilində buna qarşı çıxan şəxslər də var. Çiftçi onların İraq və ya İrana keçməsi ehtimalının yüksək olduğunu deyib.
O, xüsusilə İrana keçə biləcək silahlıların bu ölkədə mövqelərini gücləndirərək Tehran üçün təhlükə yarada biləcəyini bildirib. Çiftçi məsələni iranlı həmkarı İsgəndər Mömini ilə də müzakirə etdiyini deyib. Bir gün əvvəl keçirilən görüşdə PKK/KCK-nın müxtəlif bölgələrdəki strukturlarının ləğvi, eləcə də İran ərazisində PJAK-la bağlı təhlükəsizlik riskləri müzakirə olunub.
Türkiyəli nazir regionda təhlükəsizlik məsələlərinin həlli üçün Türkiyə, Suriya, İraq və İranın iştirakı ilə dördtərəfli əməkdaşlıq mexanizminin yaradılmasını da təklif edib.
Çiftçi, həmçinin Türkiyə, Gürcüstan və Azərbaycan arasında yeni nəsil mütəşəkkil cinayətkar qruplara qarşı mübarizə məqsədilə ayrıca əməkdaşlıq mexanizminin hazırlanması barədə məlumat verib.