BAKI, 18 sentyabr. TELEQRAF
ABŞ-nin Miçiqan ştatında F-16 qırıcı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə NBC telekanalının yerli bölməsi məlumat yayıb.
Məlumata görə, Texas Milli Qvardiyasının 149-cu Qırıcı Aviasiya Qanadına məxsus təyyarə Miçiqanda keçirilən planlı təlim zamanı qəzaya uğrayıb. Pilot katapult edə bilib və xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Hadisədən sonra qəza ərazisinin yaxınlığında yaşayan sakinlərə təhlükəsizlik məqsədilə evlərdə qalmaq, pəncərə və havalandırma sistemlərini bağlı saxlamaq barədə göstəriş verilib.
Qəzanın səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.