BAKI, 18 sentyabr. TELEQRAF

ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Abraham Lincoln” aviadaşıyıcısında narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən ər-arvad saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə “New York Post” məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, Beyli Şramovski və həyat yoldaşı Conni Pumaihealani saxlanıldıqdan sonra 2022-ci ildən etibarən gəminin ekipaj üzvlərinə kokain, fentanil və oksikodon satdıqlarını etiraf ediblər.

Məhkəmə sənədlərinə əsasən, Şramovski 2023-cü ilin yanvarında ekipaj üzvlərindən birinin fentanilin həddindən artıq dozasından ölümündə də ittiham olunur. Bildirilir ki, həmin hadisədən sonra da o, eyni mənbədən əldə etdiyi narkotik vasitələrin satışını davam etdirib.

Hər iki şəxslə bağlı hökmün dekabrın 11-də çıxarılması nəzərdə tutulur. “New York Post”un məlumatına görə, Şramovskini 40 ilədək, Pumaihealanini isə 20 ilədək həbs cəzası gözləyə bilər.