BAKI, 18 sentyabr. TELEQRAF
Macarıstan hökuməti korrupsiyaya qarşı mübarizə çərçivəsində yüksək vəzifəli dövlət məmurlarının maliyyə və əmlak vəziyyətinin məcburi yoxlanılması sistemini tətbiq etmək qərarına gəlib.
Teleqraf xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar ATV telekanalına müsahibəsində açıqlayıb. Müvafiq qanun layihəsinin yaxın vaxtlarda parlamentə təqdim ediləcəyi bildirilib.
Baş nazirin sözlərinə görə, yoxlamalar yüksək vəzifə tutmuş şəxslərin əvvəlki dövrdə əldə etdiyi əmlakı da əhatə edəcək. Yeni vəzifəyə başlayan şəxslərin maliyyə vəziyyətinin isə iki ildən sonra yoxlanılması nəzərdə tutulur. Madyar bildirib ki, məqsəd təkcə gəlir bəyannaməsi sistemindəki boşluqları aradan qaldırmaq deyil, məmurların real maliyyə və əmlak vəziyyətini ciddi şəkildə araşdırmaqdır.
ATV-nin məlumatına görə, hökumətin planı Milli Vergi və Gömrük Administrasiyasına (NAV) yüksək vəzifəli siyasətçilərin sərvət artımını 20 ilədək geriyə doğru araşdırmaq imkanı verəcək. Yoxlamaların hazırkı və son beş ildə vəzifə tutmuş deputatları, baş nazirləri, nazirləri, dövlət katiblərini və bir sıra digər yüksək vəzifəli şəxsləri əhatə etməsi planlaşdırılır.
Qanunsuz varlanma şübhəsi yaranarsa, materialların hüquq-mühafizə orqanlarına göndərilməsi nəzərdə tutulur.