BAKI, 18 sentyabr. TELEQRAF
ABŞ administrasiyası Ukraynadakı münaqişə başa çatmamış Rusiya ilə biznes razılaşmaları bağlamaq imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Vaşinqton bu addımı Moskva ilə danışıqlara yeni yanaşmanın bir hissəsi kimi nəzərdən keçirir. ABŞ rəsmilərindən biri bildirib ki, mümkün razılaşmalar Vaşinqtonun Rusiya ilə münasibətləri yenidən qurmaq niyyətinin ciddiliyini nümayiş etdirə bilər.
Danışıqlara yaxın iki mənbə də ABŞ-nin Ukraynadakı münaqişənin başa çatmasını gözləmədən Rusiya ilə müəyyən razılaşmalara gedə biləcəyini bildirib.
“The New York Times” yazır ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Rusiyanı döyüş əməliyyatlarının dayandırılmasına təşviq edə biləcək yeni variantlar axtarırlar.
Bununla belə, mümkün razılaşmaların hansı sahələri əhatə edə biləcəyi barədə hələlik məlumat verilməyib.