BAKI, 18 sentyabr. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi Avropada yerləşdirilən amerikalı hərbçilərin sayını üçdəbir, hətta yarıyadək azaltmaq imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Avropadakı ABŞ hərbi kontingenti ən azı 25 min nəfər azaldıla bilər. Daha geniş ixtisar variantında isə Avropa ölkələrindəki ABŞ bazalarında hərbçilərin ümumi sayının təxminən 40 min nəfərədək endirilməsi nəzərdə tutulur.

Pentaqon, həmçinin Avropadan hərbi təyyarələrin, gəmilərin və digər silah sistemlərinin çıxarılması imkanını araşdırır. İxtisarların Almaniya, İspaniya və İtaliyadakı ABŞ qüvvələrinə təsir göstərə biləcəyi bildirilir.

"NBC News" qeyd edir ki, belə bir qərar qəbul olunarsa, bu, Soyuq müharibənin başa çatmasından sonra ABŞ-nin Avropadakı hərbi mövcudluğunda ən böyük ixtisarlardan biri olacaq.

Mənbələrin məlumatına görə, noyabrın 6-dək Pentaqon rəhbəri Pit Heqsetə ABŞ qüvvələrinin Avropadan çıxarılması və ya NATO-nun şərq cinahındakı ölkələrə yenidən yerləşdirilməsi variantlarını əhatə edən yekun hesabat təqdim edilməlidir. Bundan sonra tövsiyələrin ABŞ Prezidenti Donald Trampa təqdim olunacağı gözlənilir.