BAKI, 18 sentyabr. TELEQRAF
Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ağır xəsarət alıb.
Teleqraf xəbər verir ki, hadisə “Şamaxinka” kimi tanınan ərazidə qeydə alınıb.
Bakı-Sumqayıt şossesində Beynəlxalq Avtovağzal istiqamətindən “Şamaxinka” istiqamətində hərəkətdə olan “Range Rover” markalı avtomobil eyni istiqamətdə gedən “Lada Granta” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “Range Rover” körpüdən aşağıdakı yola düşüb.
Qəza nəticəsində “Lada Granta”nın sürücüsü və sərnişini ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, onlardan biri komatoz vəziyyətdədir.
Şahidlərin sözlərinə görə, qəzanı törədən “Range Rover”in sürücüsü avtomobil körpüdən aşağı düşdükdən sonra nəqliyyat vasitəsini yüksək sürətlə idarə edərək hadisə yerindən uzaqlaşıb.
Hazırda “Range Rover” markalı avtomobilin axtarışı aparılır.
Faktla bağlı araşdırma davam etdirilir.