BAKI, 10 oktyabr. TELEQRAF

Xalq artisti Əminə Yusifqızı "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Teleqraf xəbər verir ki, mərhumla əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçirilib.

Mərasimin ardınca cənazə "Qud qapısı" qəbiristanlığına aparılaraq dəfn olunub.

***

13:44

Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb.

Teleqraf xəbər verir ki, Xalq artistinin vida mərasimində ailə üzvləri, sənət adamları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

Xalq artisti "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

***

"Əminə Yusifqızı nümunəvi dost, dəyərli insan idi".

Teleqraf xəbər verir ki, bunu Xalq artisti Şəfiqə Məmmədova Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimində deyib.

“Səsi ilahi səs idi. Onun televiziya layihələri, səsləndirdiyi filmlər, bədii qiraəti, doğrudan da, bənzərsiz idi. Daim qəlbimizdə yaşayacaq", - Xalq artisti bildirib.

***

13:20

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib".

Teleqraf xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müavini Murad Hüseynov Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimində deyib.

Nazir müavini Əminə Yusifqızının teatr və kino fəaliyyətinə, eləcə də bədii qiraət yaradıcılığına toxunub: “Əminə Yusifqızının sənəti hər zaman bizimlədir”.

***

13:00

"Əminə Yusifqızının səsləndirdiyi şeirləri ilə böyümüşük".

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti Brilliant Dadaşova Xalq artisti Əminə Yusifqızı haqqında danışarkən deyib.

"Tələffüzümüzü düzgün formalaşdıran sənətkar idi. Mən ilk dəfə Əminə Yusifqızını Azərbaycan Dövlət Televiziyasına gələndə görmüşdüm. Ona çox heyranlıqla baxırdıq. Başımız sağ olsun", - Xalq artisti əlavə edib.

***

12:27

"Əminə Yusifqızı hər zaman yaddaşlarda yaşayacaq".

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti Hacı İsmayılov Xalq artisti Əminə Yusifqızının vida mərasimində deyib.

"Onu 1961-ci ildən tanıyırdım. Gənc Tamaşaçılar Teatrında və Akademik Milli Dram Teatrında bir çox tamaşalarda əsas rolları canlandırıb. Bir çox dramatik və psixoloji obrazlar yaradıb. Teatr Xadimləri İttifaqının fəal üzvlərindən idi. Bütün teatrsevərlər adından ailəsinə baş sağlığı verirəm", - Xalq artisti bildirib.

***

12:01

Əminə Yusifqızı bibim qızıdır, onunla həmişə fəxr etmişəm.

Teleqraf xəbər verir ki, bunu Xalq artisti Təranə Muradova vida mərasimində deyib.

"Onun səsi, şeirləri xalqın ürəyində hər zaman yaşayacaq. O, Azərbaycanın ilk xanım qiraət ustası idi. Mədəniyyətimizi, ədəbiyyatımızı yüksək səviyyədə təmsil edirdi. Beş gün əvvək danışdıq, dedi ki, anamın yanına getmək istəyirəm", - Təranə Muradova əlavə edib.

***

11:43

Xalq artisti Əminə Yusifqızı ilə Təzəpir məscidində vida mərasimi başlayıb.

Teleqraf xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, sənət dostları, Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak edirlər.

Əminə Yusifqızı "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

***

11:27

"Anam üç ay idi ki, ağır xəstə idi, yaşasaydı 90 yaşı olacaqdı".

Bunu Teleqraf-a Xalq artisti Əminə Yusifqızının qızı Səminə Əliyeva deyib.

"Mənim üçün əvəzolunmaz sənətkar və ana idi. Xalqımız tərəfindən də sevilirdi. Düşünürəm ki, o, unudulmayacaq və hər zaman yaddaşlarda yaşayacaq", - S.Əliyeva deyib.

Əminə Yusifqızının nəvəsi Leyla Əliyeva isə nənəsini qeyri-adi xüsusiyyətlərə malik insan kimi xarakterizə edib.

"Bir neçə il əvvələ qədər avtomobil sürürdü. Son illər məsləhət görürdük ki, sağlamlıq və təhlükəsizliyi üçün avtomobil sürməsin. Həmişə şən və həyat dolu idi. Mənim xatirəmdə belə qalacaq", - L.Əliyeva əlavə edib.

***

10:54

Xalq artisti Əminə Yusifqızının dəfn yeri məlum olub.

Teleqraf xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

***

09:19

Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün saat 12:00-da Təzə Pir məscidində keçiriləcək.

Bu barədə Teleqraf-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Əminə Yusifqızı ötən gün 89 yaşında vəfat edib.