MİNGƏÇEVİR, 21 may. TELEQRAF
Teatrın canlı nəfəsi, unudulmaz Moşu obrazı ilə yaddaşlara hopmuş Xalq artisti Valeh Kərimov bu gün də səhnədədir. Onunla söhbətimizdə teatr və kino mühitindəki boşluqlardan, sənətə hazırkı münasibətdən danışdı. Uzun illər Bakı səhnələrində tamaşaçı sevgisi qazanan sənətkar hazırda yaradıcılığını Mingəçevir Dövlət Dram Teatrında davam etdirir.
Xalq artisti Teleqraf-ın yerli bürosuna verdiyi müsahibəsində həm sənət yolu, həm də sənətə biganəliklər barədə səmimi və açıq fikirlərini bölüşüb.
- "Xoşbəxtlik, xoşbəxtlik" deyə-deyə insanları güldürən Moşu qağa ömrünün 81-ci baharında özünü xoşbəxt sayırmı?
- Bəli, özümü xoşbəxt sayıram. Çünki bu yaşımda da işləyirəm, fəaliyyətim davam edir. Allah mənə sağlamlıq verib, ciddi narahatlığım yoxdur. Hazırda Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi çalışıram, eyni zamanda, səhnədə aktyor kimi çıxış edirəm. Artıq 10 ildir bu teatrla əməkdaşlıq edirəm, son iki il yarımdır ştat əsasında fəaliyyət göstərirəm.
- Bu müddət ərzində hansı tamaşaları hazırlamısınız və hansılarında aktyor kimi də çıxış etmisiniz?
- İlk rejissorluq işim Əli Əmirlinin "Varlı qadın" tamaşası olub. Daha sonra İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” və Kərəm Həsənovun uşaqlar üçün yazdığı “Sehirli yaylıq” əsərlərinə quruluş vermişəm. Hazırda isə Tufan Minullinin "Ərmağanlı Əlməndər" əsəri üzərində çalışıram. Yeni tamaşada mənimlə yanaşı, Xalq artisti Ella Yaqubova, Afət Əliyeva, İbrahim Salamov, Aytən İsmayılova kimi istedadlı aktyorlar iştirak edir. Bu əsər çox maraqlı əsərdir. Maraqlı situasiyalar var əsərdə. Bu tamaşada baş rolu da özüm ifa edirəm. “Varlı qadın”da da ilk aktyor kimi çıxışım olmuşdu.
- Uzun illər paytaxtda yaşayıb fəaliyyət göstərmiş bir sənətkar kimi Mingəçevirdə Bakı üçün darıxırsınızmı?
- Açığını deyim ki, yox, darıxmıram. Ömrüm boyu Bakıda yaşamışam, amma indi o Bakı yoxdur. Bir tərəfdən inkişaf var, gözəl binalar tikilib, amma digər tərəfdən sıxlıq, səs-küy adamı yorur. Mingəçevir isə sakit, rahat bir şəhərdir. Camaatı da çox səmimi və mədəni insanlardır. Tamaşalara maraq böyükdür, hər dəfə gələnlər tamaşaları maraqla izləyir, bizi ruhlandırırlar. Bakıya bir gələnlər sevinir, bir də oradan çıxıb gedənlər. Bakıda maşın əlindən, bir də basabasdan başqa nə görürsənki... Əhalinin sıxlığı adamı çox darıxdırır. İstədiyin yerə vaxtında gedə bilmirsən, daima gecikirsən. Yəni, bu mənada, Bakı elə də cəlb eləmir məni. Mingəçevir isə çox gözəl şəhərdir. Camaatı da mülayim, yaxşı insanlardır. Tamaşalara da gələndə çox həvəs və maraqla baxıb alqışlayırlar, gülürlər, sevinirlər. Onları belə görəndə biz anlayırıq ki, xeyirxah işlə məşğul oluruq.
- Aktyor kimi fəaliyyət göstərdiyiniz illər ərzində arzusunda olub, oynaya bilmədiyiniz bir rol oldumu?
- Əlbəttə, olub. Arzuladığım, illərlə səhnədə canlandırmaq istədiyim, amma qismət olmayan rollar var. Bəzən teatr həmin tamaşanı repertuara salmır, aktyor heyəti uyğun olmur və ya rejissor bu riski götürmür. Nəticədə həmin arzular eləcə içimdə qalıb.
- İndiyədək ifa etdiyiniz obrazlar içərisində sizin üçün ən qiymətlisi hansıdır?
- Əksəriyyət elə düşünür ki, ən çox sevdiyim rol Moşu obrazıdır. Amma mənim üçün daha önəmli rollar da olub. Məsələn, Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsərindəki Yedigey obrazı və ya Altay Məmmədovun “Yadındamı?” tamaşasında oynadığım baş rol mənim üçün çox dəyərlidir. “Müsibəti Fəxrəddin” tamaşasındakı Fəxrəddin obrazını da bu sıraya əlavə edə bilərəm.
- Bildiyimiz qədər aktyorluğa maraq sizdə uşaq vaxtlarından yaranıb. Ailənizdə sənət yolunuzu davam etdirən necə, varmı?
- Bəli, uşaqlıqda yalnız radio vardı və orada səslənən tamaşalar məni teatra bağladı. O səslər, o oyunlar məni səhnəyə gətirdi. Ailəmizdə hələ ki, bu yolu davam etdirən yoxdur. Amma qardaşım Loğman Kərimov “Qəzəlxan” filmində Əliağa Vahid obrazını oynayıb, o da sənətə yaxın adamdır.
- Filmlərdə çox az görünübsünüz. Bunun səbəbi nədir?
- Təəssüf ki, filmlərə az dəvət olunmuşam. Cəmi 4-5 filmdə çəkilmişəm. “Bəxt üzüyü” tamaşasını biz səhnədə oynayırdıq, sonra onu filmə çevirdilər və orada da Moşu obrazını mən oynadım. Demək olar ki, kino sahəsində ciddi fəaliyyətim olmayıb.
- Bəs bu günədək rejissorlar niyə sizin kimi sənətkarların potensialından istifadə etməyiblər?
- Bunun cavabını rejissorlar verməlidirlər. Mənə rol təklif olunsaydı, sevinə-sevinə qəbul edərdim. Amma təəssüf ki, belə təkliflər gəlmir. Düşünürlər ki, o pulu sənətkara yox, tanış-bilişə versinlər. Anlamırlar ki, film və ya tamaşa təkcə söz deməkdən ibarət deyil, istedad və təcrübə olmadan nəticə də olmur. Bir çox rejissor pulu sənətkara verməkdənsə, qohum-əqrabaya, tanışa filana paylayır.
- Yəni, peşəkarlığın yerini tanışlıq prinsipləri alıb, deyə bilərikmi?
- Əlbəttə, deyə bilərik. İndi film çəkənlər dost-tanışı toplayır, xalası oğlunu, əmisi nəvəsini çəkir. Pul xərcləmək istəmirlər. Fikirləşir ki, bunu Valehə verincə verərəm xalamoğluna. Amma ziyanı kimədi? Yenə də Azərbaycan mədəniyyətinə. Teatr və kino sahəsində yaranan boşluğu gələcəkdə kim dolduracaq? Mən, məsələn, seriallara baxmıram. Əvvəllər filmlərdə hər şey olurdu - mövzu, gülüş, göz yaşı, mahnı. İndi isə 100 seriyalı filmə baxırsan, bir məna tapmırsan. Vaxt itkisi, ruh yorğunluğu. Ona görə də bu cür layihələrə heç marağım yoxdur və olmayacaq da.
- Müsahibə üçün çox sağ olun.