BAKI, 21 may. TELEQRAF

Türkiyənin Hatay şəhərində Azərbaycan-Türkiyə əlaqələrinə, Azərbaycan incəsənətinə həsr olunmuş tədbirlər keçirilib.

Bu barədə Teleqraf-a Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Türkiyədəki səfirliyimiz və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin Hatay şəhərində “Azərbaycan İncəsənəti Həftəsi” çərçivəsində bir sıra layihələr baş tutub.

Hatay Mustafa Kemal Universitetində keçirilən “Dünden bu güne, Türkiye-Azerbaycan ilişkileri” tədbirində universitet rektoru Veysel Eren, Azərbaycan səfirliyinin müşaviri Füzuli Məcidli, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və universitetin dekanı Şenol Adıgüzel çıxış edərək Türkiyə–Azərbaycan dostluğunun sarsılmaz təməllər üzərində dayandığını, iki ölkə arasında dostluq-qardaşlıq, mədəni və elmi əlaqələrin hər keçən gün daha da gücləndiyini vurğulayıblar.

Çıxışlarda Hatayda keçirilən Azərbaycan incəsənətinə həsr olunmuş tədbirlərin xalqlar arasında mədəni körpülərin möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd olunaraq, bu cür birgə layihələrin gələcək nəsillərə ortaq mədəni irsin ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilib.

Daha sonra mövzu üzrə akademik paneldə iki ölkə arasındakı strateji müttəfiqlik, tarixi və mədəni əlaqələr geniş şəkildə müzakirə olunub.

Paneldə Azərbaycan və Türkiyədən olan ziyalılar, mütəxəssislər çıxış ediblər.

Daha sonra Mustafa Kamal Atatürk Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin müəllim və tələbələri mövzu üzrə suallarla çıxış edib və paneldə onların sualları cavablandırılıb. Tədbirdə iştirakçılara təşəkkür sertifikatları və xatirə hədiyyələri təqdim edilib.

Tədbir çərçivəsində universitet kitabxanasında Azərbaycan bölümünün açılışı həyata keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan tarixi və mədəniyyətinə dair 100 kitab kitabxanaya hədiyyə edilib. “Azərbaycan incəsənəti həftəsi” çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram təqdim olunub.

Bədii hissədə Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblı tərəfindən milli rəqslərimiz təqdim olunub.

Azərbaycanlı sənətçilər Vüsalə Məryəm Alıcı, opera müğənnisi Fidan Hüseynova milli musiqi nümunələri ilə çıxış edib, Universitetin gənclərdən ibarət “Zeybək” Rəqs Qrupu ənənəvi xalq rəqslərini təqdim edib.