BAKI, 15 may. TELEQRAF

Kinorejissorlar Gildiyasının sədri Ayaz Salayev və Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin müstəqil şirkətlərlə imzaladığı müqavilələrin standartlara uyğun olmaması ilə bağlı birgə məlumat yayıb.

Belə ki, dövlət sifarişi və dəstəyi ilə müstəqil şirkətlər tərəfindən istehsal olunan filmlərlə bağlı Kino Agentliyinin hazırladığı və imzalanan müqavilələrdə bir çox qanun pozuntusuna yol verilir. Sifarişçi – istehsalçı ilə müəlliflər arasında bağlanılmış müqavilələr əsasında qurulmuş hüquqi münasibətlər, mədəniyyət, kinematoqrafiya, müəllif hüquqları və digər qanunvericilik aktlarında, dövlət proqramlarında, konsepsiyada qoyulmuş məqsədlərə, normalara cavab vermir və hətta milli kino sənayesinin inkişafının müəyyən dərəcədə qabağını alır.

Teleqraf xəbər verir ki, imzalanan mətndə deyilir:

“İstehsalçı ilə müəlliflər və ifaçılar arasında bağlanılmış müqavilələrdə müəlliflərin və ifaçıların yaradılmış əsər üzrə onlara məxsus olan ən əsas prinsiplər belə öz əksini tapmamışdır: Məsələn, filmin əsas aparıcı qüvvələri olan rejissorun və aktyorların istehsalat və yaradıcı proseslərinin normal keçirilməsi üçün hansı şəraitin yaradılması nəinki nəzərə alınmayıb, hətta bütün proseslərdə filmin rejissorunun normal yaradıcı prosesinə əngəllər yaradacaq dərəcədə olan maddələr (şərtlər) o qədərdir ki, sanki müqavilələr məhz normal yaradıcılıq fəaliyyətinin məhdudlaşdırılması məqsədi üçün bağlanılır.”

Bildirilib ki, müəlliflər arasında bağlanılmış müqavilələr “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 12,14, 15, 32, 40-cı maddələrinə, dövlət satınalmaları haqqında qanunun 49.1.1-ci maddəsinə, mədəniyyət haqqında qanunun 3 və 4-cü maddələrinə və bu sahədə qəbul edilmiş konsepsiya və digər qanunvericilik aktlarına uyğun tərtib edilməlidir.

“Biz, kino sənayesinin aparıcı peşələrini təmsil edən, onların hüquqlarını qoruyan peşəkar ictimai təşkilatlar olaraq, dövlət vəsaiti hesabına kino istehsalatını tənzimləyən müqavilələrin prodüserləri və müəllifləri təmsil edən, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçən peşəkar təşkilatlarla razılaşdırılmasını məqsədəuyğun sayırıq”, - məlumatda qeyd olunub.