BAKI, 16 may. TELEQRAF
"Mehriban Ələkbərzadəyə verdiyim 24 saatlıq vaxt başa çatdı. Növbəti dəfə sübut etdi ki, şəhid qızından üzr istəməyi özünə əksiklik hesab edəcək qədər təkəbbürlüdür, dediyi sözün məsuliyyətini isə dərk etmir".
Teleqraf xəbər verir ki, bunu Əməkdar artist Mehriban Xanlarova qeyd edib.
"Mədəniyyət naziri Adil Kərimli teatr kollektivimizlə görüş keçirdikdən dərhal sonra, iclas bitər-bitməz Mehriban Ələkbərzadə iclasla bağlı bütün aqressiyasını şəhid qızı Məsmə Aslanqızının üzərinə tökərək onu və mərhum atasının qəbrini bura yazılması mümkün olmayan vulqar ifadələrlə təhqir edib. İndidən Mehriban Ələkbərzadənin havadarlarına demək istəyirəm: Boş yerə özünüzə əl qatmayın ki, "şər və böhtan atırsınız". Çünki hadisənin canlı şahidləri, kamera görüntüləri var. Hadisə ilə bağlı rəsmi şəkildə lazımı yerlərə məlumat verilib.
Mehriban Ələkbərzadə kollektivimizi "it-pişik", "çör-çöp", "alaq otları", "qudurğan", "peşə əxlaqsızları" və "insani əxlaqsızlar" kimi alçaldıcı sözlərlə təhqir edir, "20 Yanvar şəhidləri dəbdə deyil" deyəcək qədər həddi aşır, buna baxmayaraq hələ də vəzifəsində qalır.
Sual olunur: bu toxunulmazlıq ona haradan gəlir? Ona deyiblər ki, get "Azdrama"nın başına hansı oyunu istəyirsənsə gətir? Unudur ki, aldığı maaş bizim səhnədəki əziyyətimiz sayəsindədir. Biz həm işimizi görürük, həm də onun təhqirlərinə dözürük. Bu, nə vicdana, nə ədalətə sığır?" - deyə Əməkdar artist əlavə edib.
Mehriban Xanlarova bildirib ki, müəllimlərə “hinduşkabaş” deyən bir direktoru işdən azad etdiyi halda, canlı şahidlərin və kamera görüntülərin olmasına rağmən şəhid ailəsinə qarşı təhqirlərə yol verən bədii rəhbər hələ də vəzifəsində qalır: "Artıq bir aydır ki, teatrımızın nüfuzuna xələl gəlməməsi naminə susuram. Bu məsələni ictimailəşdirməyimin əsas səbəbi ondan ibarətdir ki, cənab Prezident dəfələrlə çıxışlarında bildirib: dövlət məmurları bir çox həqiqətləri ondan gizlətdiyi üçün ictimai nəzarət güclü olmalıdır. İnanıram ki, gec-tez haqq-ədalət öz yerini tapacaq".