BAKI, 24 mart. TELEQRAF

Azərbaycan Mətbuatı 150

Azərbaycan milli mətbuatının əsasını qoyan Həsən bəy Zərdabinin oğlu Səfvət Məlik-Zərdabi 25 noyabr 1891-ci ildə Göyçay qəzasının Zərdab kəndində doğulub. 1904-1911-ci illərdə Bakı edadi məktəbində təhsil alıb.

Professor Ədalət Tahirzadə Səfvət bəyin ali təhsil həyatı ilə bağlı bu bilgiləri təqdim edib: “25 avqust 1911-ci ildә Moskva Kommersiya İnstitutunun direktoruna yazdığı әrizәsindә iqtisad bölmәsinin (fakültәsinin) hәqiqi dinlәyicilәri sırasına götürülmәsini xahiş edib. Ərizәnin üstündә 28 avqust tarixli “qәbul etmәli” qeydi var. Demәli, o, bu instituta tәlәbә kimi götürülüb, 1913-cü ildә Riqaya gedәrәk orada oxumağa başlamasına söykәnәrәk güman edә bilәrik ki, onun Moskvada tәhsili 2 il çәkib”.
Tahirzadənin Latviya Dövlәt Tarix Arxivindәn әldә etdiyi bәlgәdә isə Sәfvәt bәy haqqında bunlar yazılıb: “Mәlikov Sәfvәt bәy Hәsәn bәy oğlu (12.11.1891, Bakı v.). Atası Hәsәn bәy saray müşaviridir. 1911-ci ildә Bakı edadi mәktәbinin әlavә sinfini bitirib. 1 sentyabr 1913-cü ildә R[iqa] P[olitexnik] İ[nstitutu]nun inşaat fakültәsinә girib. 1913/14-cü dәrs ilindә oxuyub. Tәhsilhaqqına görә 21 yanvar 1914-cü ildә çıxarılıb. 21 sentyabr 1914-cü ildә yenidәn qәbul edilib. 1914-1918-ci illәrdә orada oxuyub. 10 yanvar 1918-ci ildә İnstitutu tәrk edib”.

Səfvət bəyin tariximizdəki ən önəmli yeri Azərbaycanı Parisdə qalib dövlətlərə tanıtmaq üçün yola düşən nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşovun özəl katibi olmasıdır.

Heyətin mühacirətdə qalan əsas üzvlərindən fərqli olaraq o, Azərbaycana qayıda bilib, Azәrbaycan İctimai Şura Cümhuriyyәti Hәrbi-Dәniz Komissarlığının rabitә xidmәtindә kargüzar vәzifәsindә çalışıb. 7 fevral 1921-ci ildә xalq maarif komissarına yazdığı әrizәsindә xaricdə təhsilini davam etdirməsi üçün müraciət edib. 1 mart 1921-ci ildә Xalq Maarif Komissarlığı Kollegiyasının iclasında onun müraciəti müsbət dəyərləndirilib. O, 1923-24-cü dərs ilindən etibarən Karlsrue Ali Texniki Məktəbində oxuyub, 1926-cı ildə buranı memarlıq ixtisası üzrə bitirib.

Həmin il Xalq Maarif Komissarlığına göndərdiyi ərizəsində “Azәrbaycanın 10-14-cü yüzillәr memarlıq tarixi” adlı doktorluq dissertasiyasını müdafiə etmək üçün təqaüdünün davam etdirilməsini xahiş edib, lakin bu istəyi qəbul edilməyib. Bakıya qayıtmayan Səfvət bəy iki il Almaniyada ixtisası üzrə çalışıb. Daha sonra Türkiyənin Berlin səfirliyindən pasport alaraq qardaş ölkəyə yola düşüb.

Səfvət bəyin pasportu

Bu yaxınlarda İstanbulda əldə etdiyimiz sənəd də məhz Səfvət bəyin həmin pasportudur. Müxtəlif bilgilərin yer aldığı pasportun iki səhifəsində aşağıdakı önəmli məlumat verilib:

“Azərbaycan türklərindən Səfvət Məlik Zərdabiyə İstanbula əzimət etmək üzərə 17 eylül 1927 tarixində Berlin şəhbəndərliyincə məccanən işbu pasport verilmişdir. Konsuli-məhəlli Əburrıza Namık”.
“Berlin böyükelçisi Paşa həzrətlərinin 27 ağustos sənə 1927 tarixli əmri-məxsusu üzərə işbu pasaport tənzim və ita qılınmışdır.

Berlin şəhbəndəri

Əburrza Namık”

Türkiyənin Berlin konsulluğu 12 sentyabr 1924-cü ildə açılıb. İlk konsul Əburrza Namık (soyad qanunundan sonra Namık Uzgören) olub. O, 1928-ci ilin oktyabr ayına qədər bu vəzifədə çalışıb. 17 sentyabr 1927-ci ildə onun imzası ilə Səfvət bəyə pasport verilib.

Pasportda onun memar olduğu yazılıb, doğum tarixi 26.X. 1896 göstərilib. Atasının adı olaraq “Həsən əfəndi” qeydi verilib. Pasportda fotoşəkli də yer alıb.

Beləliklə, Türkiyəyə gələn Səfvət bəy bu ölkədə ixtisası üzrə çalışıb, eyni zamanda Azərbaycan istiqlal mücadiləsinə qoşulub.

Özü haqqında yazdığı bir məqalədə Türkiyədəki fəaliyyətini bu şəkildə xülasə edib:

“1314-cü ildə Qafqaz Azərbaycanında, mülkümüz olan Zərdabda doğulmuşam. İlk və orta təhsilimi Azərbaycanda, Bakıda tamamladıqdan sonra Riqa Ali Mühəndis Məktəbində təhsilimi davam etdirirdim. Lakin 1917-ci il rus inqilabının nəticəsində məktəbi və daha sonra vətənimi tərk etməyə məcbur qaldım. Sonradan Almaniyada Karlsrue Ali Mühəndis Məktəbinin Memarlıq Şöbəsindən 1926-cı ildə məzun olduqdan sonra 1928-ci ildə Türkiyəyə gəldim. Və fasiləsiz olaraq öz peşəmdə çalışmağa başladım. Bu müddət ərzində Türkiyədə icra etdiyim vəzifələrdən bəziləri bunlardır:

Maarif Vəkaləti İnşaat şöbəsi müdiri, Sümerbank Kayseri parça fabriki tikintisi və digər bir çox işlərdə iştirak etmişəm. Gördüyüm işlərdən bəziləri aşağıda göstərilmişdir:

1934 Zonguldak Vilayəti Devrek yolu tikintisi layihəsi 142.815,- TL,

1937 Sivas - Ərzurum Dəmir yolu üzərində müxtəlif tikintilər 310.000,- TL,

1943 Dövlət Dəniz Yolları İdarəsi İstinye Tərsanəsində dülgərxana binası və digər bölmələrin tikintisi 858.045,- TL,

1944 Heybəliada Hərbi Dəniz Məktəbi binası tikintisi 173.000,- TL,

1948 İstanbul Üsküdar Validebağ sanatoriyası binası tikintisi 360.000,- TL,

1956 İstanbul Dəniz Tikinti Qrup Komandanlığı Kasımpaşa və Yassıada körpülərinin tikintisi 545.000,- TL,

1965 Ankara Universiteti Kənd Təsərrüfatı Fakültəsi əlavə binalarının tikintisi 1 milyon 900.000,- TL.”

Türkiyə prezidenti Cəlal Bayarın 20 dekabr 1951-ci ildə imzaladığı qərarla onun 625 lirə maaşla Kırıkkale bələdiyyəsinə ali inşaat mühəndisi və ya memar olaraq göndərilməsi təsdiqlənib.

Səfvət bəy 8 fevral 1952-ci ildə Ankarada təsis edilən Azərbaycan Milliyyətçilər Dərnəyinin qurucularından olub. Bu dərnəyin rəsmi orqanı olan “Türk izi” jurnalında və “Mücahit” məcmuəsində müxtəlif mövzulu məqalələr qələmə alıb.

Zərdabi 1976-cı ildə Ankarada vəfat edib.