BAKI, 5 iyun. TELEQRAF
Almaniya və Fransa Avropa İttifaqı - Qərbi Balkanlar sammiti ərəfəsində Balkan ölkələri və Moldovanın Avropa İttifaqına mərhələli inteqrasiyasını nəzərdə tutan qeyri-rəsmi sənəd hazırlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Serbiyanın "Politico" qəzeti məlumat yayıb.
Nəşrin əldə etdiyi sənədə görə, iyunun 5-də Qərbi Balkanlarla, iyunun 22-də isə Moldova ilə keçiriləcək sammitlər Avropa İttifaqının genişlənmə siyasətinə yeni dinamika vermək üçün mühüm imkan hesab olunur.
Plan Almaniya və Fransanın təşəbbüsü ilə namizəd ölkələrə Aİ ilə üzvlük danışıqlarında əldə etdikləri irəliləyişə uyğun olaraq birlik daxilindəki bazara mərhələli çıxış imkanı verilməsini nəzərdə tutur. Bundan başqa, həmin ölkələrin müxtəlif Avropa institutlarının iclaslarında müşahidəçi statusu əldə etməsi təklif edilir.
Sənəd müəllifləri hesab edirlər ki, mərhələli inteqrasiya modeli namizəd ölkələrdə islahatların sürətləndirilməsinə əlavə stimul yaradacaq.
Qeyd edək ki, hazırda Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro Avropa İttifaqına üzvlüyə namizəd ölkələr statusuna malikdir.