BAKI, 5 iyun. TELEQRAF

ABŞ administrasiyası Rusiyanın bunu eskalasiya kimi qiymətləndirə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən Almaniyaya "Tomahawk" qanadlı raketlərinin göndərilməsi planlarından imtina edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Pentaqonun ABŞ-nin ən böyük müttəfiqlərindən biri ilə uzun müddətdir planlaşdırılan razılaşmadan geri çəkilməsi gözlənilir.

"Müdafiə Nazirliyinin Almaniyaya "Tomahawk" raketlərinin göndərilməsi planını qismən ona görə ləğv edəcəyi gözlənilir ki, rəsmilər Rusiyanın bu addımı eskalasiya kimi qiymətləndirəcəyindən ehtiyat edirlər", – məqalədə qeyd olunub.

"Politico" vurğulayır ki, bu qərar Vaşinqtonun təhlükəsizlik siyasətində diqqətçəkən dəyişiklik kimi qiymətləndirilə bilər.