BAKI, 5 iyun. TELEQRAF

Kuba Prezidenti Migel Dias-Kanel bəyan edib ki, Vaşinqtonun ölkə rəhbərliyinə və bir sıra təşkilatlara qarşı tətbiq etdiyi yeni sanksiyalar blokadanı gücləndirmək və iki ölkə arasında qarşıdurmanı dərinləşdirmək məqsədi daşıyır.

Teleqraf xəbər verir ki, Dias-Kanel sosial şəbəkədə paylaşdığı açıqlamada ABŞ Prezidenti Donald Trampın Kuba ilə bağlı yeni təhdid xarakterli bəyanatlar verdiyini, ABŞ Maliyyə Nazirliyinin isə kubalı siyasətçiləri, təşkilatları və şirkətləri sanksiya siyahısına əlavə etdiyini bildirib.

“Bu tədbirlər blokadanın gücləndirilməsinə və Kuba ilə ABŞ arasında qarşıdurmanın daha da kəskinləşdirilməsinə yönəlib”, - deyə Kuba lideri vurğulayıb.

O əlavə edib ki, bu cür “siyasi korluq” Kuba xalqına zərər vurmağa hesablanmış məcburedici tədbirləri daha da ağırlaşdırır.

Dias-Kanel həmçinin bildirib ki, ABŞ hökumətinin siyasəti və təzyiqləri Kubanın müqavimət əzmini sarsıda bilməyəcək.

Qeyd edək ki, iyunun 4-də ABŞ hakimiyyəti Kubanın keçmiş lideri Raul Kastronun oğlu və nəvəsinə, eləcə də Prezident Migel Dias-Kanelə və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Bundan başqa, Kuba İnqilabi Silahlı Qüvvələri Nazirliyi və bir sıra təşkilatlar da məhdudiyyətlər siyahısına daxil edilib.