BAKI, 5 iyun. TELEQRAF

ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Gerald R. Ford" aviadaşıyıcısının təmir işləri bir ilə qədər uzana bilər.

Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, gəmi İrana qarşı hərbi əməliyyat zamanı əvvəl açıqlanandan daha ciddi zərər görüb. Bildirilir ki, mart ayında aviadaşıyıcının göyərtəsində baş vermiş yanğın ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmi açıqlamalarında göstərildiyindən daha ağır nəticələrə səbəb olub.

Yüksək vəzifəli amerikalı rəsmilərdən birinin sözlərinə görə, gəmidə yanğınsöndürmə sistemi işləməyib və alovla ekipaj üzvləri özləri mübarizə aparmalı olublar. Yanğının tam söndürülməsi yalnız 30 saatdan sonra mümkün olub.

CNN-ə danışan dənizçilərdən biri hadisə zamanı gəminin itiriləcəyindən ciddi şəkildə narahat olduğunu bildirib.

Məlumata görə, aviadaşıyıcıda kanalizasiya sisteminin sıradan çıxması da əlavə problemlər yaradıb.

Qeyd olunur ki, "USS Gerald R. Ford" may ayında Virciniya ştatının Norfolk şəhərindəki bazaya qayıdıb. Gəmi rekord sayılan 11 ay dənizdə qaldıqdan sonra əvvəlcə Avropadan Karib hövzəsinə, daha sonra isə Yaxın Şərqə göndərilmişdi.