BAKI, 26 oktyabr. TELEQRAF

İsrailə səfər edən Azərbaycan, Qazaxıstan və Qırğızıstandan olan mütəxəssislər ölkənin aparıcı təhsil, səhiyyə və beynəlxalq əməkdaşlıq müəssisələrinin fəaliyyəti ilə tanış olublar.

Teleqraf xəbər verir ki, nümayəndə heyəti İsraildə fəaliyyət göstərən "Technion" Texnologiya İnstitutuna səfər edib.

“Technion” Texnologiya İnstitutunun kampusu barədə məlumat verilərkən bildirilib ki, geniş əraziyə malik universitet şəhərciyində tələbə yataqxanaları, tibb mərkəzi, bank və market də daxil olmaqla müxtəlif xidmətlər mövcuddur. Universitetdə bakalavriat səviyyəsində qadın və kişi tələbələrin sayı nisbətən balanslı olsa da, davamlı təhsil proqramlarında qadınların payı bir qədər aşağıdır.

Təhsil müəssisəsində tələbələr üçün müxtəlif dərsdənkənar fəaliyyətlər, idman imkanları və beynəlxalq tələbələrin universitet həyatına inteqrasiyasını dəstəkləyən proqramlar təşkil olunur. Təhsil haqları və qəbul şərtləri barədə məlumat verilərkən akademik göstəricilərin və standartlaşdırılmış testlərin nəticələrinin mühüm rol oynadığı vurğulanıb.

“Technion”un innovasiya və yüksək texnologiyalar sektoruna xüsusi önəm verdiyi qeyd olunub. Məlumata görə, universitetin məzunlarının təxminən 70%-i İsrailin yüksək texnologiyalar sektorunda çalışır, onların 30%-i isə şirkətlərin baş icraçı direktorlarıdır.

Görüş zamanı “Technion” məzunlarının yaratdığı bir sıra innovativ layihələr və şirkətlər də təqdim olunub. Bunlara inək hüceyrələrindən həqiqi ət və birləşdirici toxuma yetişdirən “Aleph Farms”, kannabis molekullarının əczaçılıq sahəsində tətbiqini araşdıran “Cannassol”, şişlərin müalicəsində elektromaqnit texnologiyalarından istifadə edən cihazlar və əməliyyatların müddətini azaltmağa imkan verən robotlaşdırılmış cərrahiyyə sistemi daxildir.

Bundan başqa, institutda gəzinti zamanı elektron lazer vasitəsilə kiçik qızıl lövhə üzərində Müqəddəs Kitabın tam mətninin həkk olunduğu “Nano Bible” layihəsi barədə məlumat verilib. Layihənin Papa XVI Benediktə hədiyyə məqsədilə hazırlandığı bildirilib.

Səfər iştirakçıları İsrailin Hayfa şəhərində yerləşən Rambam Sağlamlıq Mərkəzini də ziyarəti edib. Mərkəz ölkənin şimalında mühüm tibbi xidmət və ixtisaslaşmış müalicə müəssisələrindən biridir. Mərkəz 12 regional xəstəxanaya üçüncü səviyyəli ixtisaslaşmış tibbi xidmət göstərir və İsrailin şimalında fəaliyyət göstərən yeganə uşaq xəstəxanasına ev sahibliyi edir.

Mərkəzin kök hüceyrələri üzrə müasir tibb mərkəzi və dünyada ən böyük möhkəmləndirilmiş yeraltı təcili yardım xəstəxanası ilə seçildiyi qeyd olunub. Bu infrastruktur fövqəladə hallar zamanı tibbi xidmətlərin operativ şəkildə səfərbər edilməsinə, kütləvi travma və posttravmatik stress pozuntusu (PTSP) hallarında pasiyentlərə yardım göstərilməsinə imkan yaradır.

Rambam Sağlamlıq Mərkəzinin nümayəndələri bildiriblər ki, 2,5 milyon nəfərə xidmət göstərən xəstəxanada 1000-dən çox çarpayı və 6000 əməkdaş var.

Mərkəzin informasiya texnologiyaları bölməsi texnologiyaları yalnız innovasiya məqsədilə deyil, ilk növbədə pasiyentlərə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək üçün tətbiq edir. Xəstəxana təxminən 30 il əvvəl hazırlanmış və sonradan inkişaf etdirilmiş öz elektron tibbi qeydiyyat sistemindən istifadə edir.

Məlumatların müxtəlif sistemlərdə ayrı-ayrılıqda saxlanılması problemini aradan qaldırmaq məqsədilə xəstəxanada hesablama gücünü, məlumat platformalarını və müxtəlif sahələr üzrə çalışan komandaları birləşdirən “AI Factory” təşəbbüsü yaradılıb.

Təcili yardım şöbəsində diaqnostikanı sürətləndirmək və lazımsız müayinələrin sayını azaltmaq üçün süni intellekt əsaslı “Shaked” sistemindən istifadə olunur. Həmçinin Hayfadakı elmi-tədqiqat müəssisələri və texnologiya şirkətləri ilə əməkdaşlığın genişləndirildiyi, informasiya sistemlərinin kibertəhlükəsizliyi gücləndirmək və fasiləsiz fəaliyyəti təmin etmək məqsədilə yerli serverlərdən bulud infrastrukturuna köçürülməsi istiqamətində işlərin aparıldığı bildirilib.

Nümayəndə heyətinin keçirdiyi görüşlər çərçivəsində İsrailin Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyi — MASHAV-ın fəaliyyəti barədə də məlumat verilib. 1958-ci ildə o vaxtkı xarici işlər naziri Qolda Meirin təşəbbüsü ilə yaradılan agentlik müxtəlif ölkələrdə mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, təlim proqramlarının təşkilinə və dayanıqlı sosial-iqtisadi inkişafın təşviqinə yönəlib.

MASHAV-ın indiyədək 140-dan çox ölkədən 350 mindən artıq şəxsi təlimlərə cəlb etdiyi bildirilib. Agentliyin proqramları erkən uşaqlıq dövründə təhsil, kənd təsərrüfatı, icma inkişafı, tibbi yardım və innovasiya kimi sahələri əhatə edir.

Son dövrlərdə agentlik süni intellekt, kibertəhlükəsizlik və gender bərabərliyi kimi aktual istiqamətlərə də xüsusi diqqət yetirir. Bu proqramların əsas məqsədi beynəlxalq təcrübə mübadiləsini təşviq etmək, uzunmüddətli tərəfdaşlıqlar qurmaq və müxtəlif ölkələr arasında əməkdaşlıq şəbəkələrini genişləndirməkdir.

Xatırladaq ki, nümayəndə heyətinə Azərbaycandan 7, Qazaxıstandan 10, Qırğızıstandan isə 1 nəfər olmaqla, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən ümumilikdə 18 mütəxəssis daxildir.