BAKI, 30 oktyabr. TELEQRAF
Milli Məclisdə "qaçqın statusu"na yenidən baxılması təklif edilib.
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Aqil Abbas parlamentin bugünkü plenar iclasında çıxış edib.
O qeyd edib ki, ağdamlı olsa da, məcburi köçkün sayılmır:
“Mənə müraciətlər olub. Ağdamda, atamın yurdunda bina tikirlər, amma orada mənə ev düşməyəcək. Deməli, mən gedib Ağdamdan öz cibimin pulu ilə ev almalıyam. Niyə? Mənim, qardaşımın və beş bacımın heç birinə ev düşmür. Çünki gediblər, ərlərinin qeydiyyatına uyğun olaraq başqa şəhərlərdə yaşayıblar. Qardaşım vəzifəsini dəyişib Ağcabədiyə, Ağcabədidə qeydiyyata düşüb və nəticədə Ağdam qeydiyyatı ləğv olub. Eləcə də, mənim Ağdam qeydiyyatım yoxdur.
Mənə müraciət edənlər də belə problemlə qarşılaşıblar. Ötən gün Ağdamda idim. Bu söhbət Ağdamda düşdü, seçicilər dedilər, biz nə edək?”
Aqil Abbas deyib ki, indi Ağdamda binalar tikilir, şəhərlər salınır: “Kim köçəcək ora? Təxminən 10 min ağdamlının Ağdama qeydiyyatı yoxdur. Gediblər başqa rayonlarda vəzifə ilə bağlı, iş ilə bağlı qeydiyyata düşüblər. Digər tərəfdən evlənibsə, ağdamlıdırsa, məcburi köçkün sayılmır. Ya arvadı ağdamlı deyilsə, məcburi köçkün sayılmır. Bu ciddi məsələdir. Çox yaxşı olar ki, qaçqın statusu haqqında bu məsələyə baxılsın və buna bir nizam gətirilsin”.
Milli Məclisin sədri Sahibə Qafarova isə deputata cavab verib: “Aqil müəllim, o siz deyirsiniz ki, ağdamlılara söz vermişəm. O siyahını tərtib edin, kimə vermək lazımdır. Niyə bu qədər görülən işə kölgə salırsınız? Bu qədər iş görülür. Ağdama ağdamlılar köçmürsə, kim köçür? Haradan gətirirlər? Hansı ölkədən gətirib ora məskunlaşdırırlar onları?”