BAKI, 30 oktyabr. TELEQRAF
Ərazilərimizdə baş verən yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması zamanı aidiyyəti qurumlar tərəfindən birgə səylər göstərilir.
Teleqraf xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov Ağdam rayonunda keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.
O bildirib ki, operativ məlumat mübadiləsinin və qarşılıqlı əlaqələndirmənin daha da gücləndirilməsini məqsədəuyğundur.
"Məsələn, dron görüntüləri vasitəsilə yanğınların yaranma səbəblərinin müəyyənləşdirilməsinə kömək edən məlumatlar əldə olunur. Son hadisələrdən birində də əməkdaşımız tərəfindən çəkilən görüntülər əkin sahəsi yaxınlığında avtomobildən atılan əşyanın yanğına səbəb ola biləcəyini göstərib. Təklif edirik ki, bu cür hallarda qurumlar arasında məlumat mübadiləsi sistemli təşkil olunsun, mövcud texniki imkanlardan birgə istifadə edilsin və yanğınların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gücləndirilsin", - E. Seyidov vurğulayıb.