Mikroskopik qurdlar yüksək radiasiya səviyyəsinə baxmayaraq, nüvə fəlakətinin baş verdiyi Çernobıl zonasında (Ukrayna) yaşayırlar. Bu, həmin canlıların 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzadan təsirlənmədiyini göstərir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin elmi jurnalı PNAS yazır.
Elm adamları Çernobıla baş çəkərək oscheius tipulae növünün mikroskopik qurdlarını toplayıblar. Mütəxəssislər araşdırma apardıqdan sonra müəyyən ediblər ki, bu cür qurdların genomları nüvə fəlakətindən sonra yüksək radiasiya səviyyəsinə baxmayaraq, toxunulmaz qalıb.
Təhlillər fəlakətin yerli əhaliyə təsirini anlamaq üçün vacibdir. Tədqiqatçılar Çernobıldan olan 15 qurd və planetin başqa yerlərindən götürülmüş digər canlıların genomlarını müqayisə ediblər.
Çernobıldan götürülən qurdların zədələnmə əlamətləri göstərməməsi onların ekstremal şəraitə davamlı olmasından xəbər verir. Elm adamları vurğulayırlar ki, bu cür müqavimət radiasiyaya məruz qalma nəticəsində yox, növün öz xüsusiyyəti ola bilər.
Bundan əlavə, tədqiqatçılar laboratoriyadan 20 qurd buraxaraq, onların populyasiyasını sınaqdan keçiriblər, amma radiasiya səviyyəsi ilə DNT-nin mutasiyalara qarşı müqaviməti arasında heç bir əlaqə tapmayıblar. Bu nəticələr göstərir ki, Çernobıl qurdları radiasiyaya məruz qaldıqları üçün yeni DNT bərpası xüsusiyyətləri qazanmayıblar, buna görə də elm adamları onların davamlılığına təsir edən amilləri araşdırmaqda davam edəcəklər.
Araşdırmaya görə, Çernobılda yaşayan mutant yırtıcıların xərçəngə qarşı müqavimətləri var. Belə tədqiqatların nəticələri elm adamlarına insanlarda xərçənglə mübarizə aparmağa kömək edə bilər.