Fransanın Sorbon Universiteti tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, Marsın qabığının təxminən 4 milyard il əvvəl Yer kürəsinin əmələ gəlməsində olduğu kimi sadə həyat formaları ilə zəngin olması mümkündür.
Teleqraf.com xəbər verir ki, elm adamları əldə etdikləri tapıntıların qırmızı planetlə bağlı araşdırmalara yeni nəfəs gətirəcəyini deyirlər.
Fransız elm adamlarının araşdırmasına görə, Marsda vaxtilə mikroskopik orqanizmlərlə dolu yeraltı dünyanı saxlaya biləcək əlverişli mühit olub. Bununla yanaşı, tədqiqatçılara görə, bu canlılar mövcud olsaydı belə, bu sadə həyat formaları atmosferi o qədər dərindən dəyişdirəcəkdi ki, Marsda Buz Dövrünü tətikləyib özlərini məhv edə bilərdilər.
Araşdırmanın aparıcı müəllifi, Sorbon Universitetinin əməkdaşı Boris Sotrey deyir:
“Mikroblar kimi sadə bir həyat forması belə öz ölümünə səbəb ola bilər. Düşünürəm ki, araşdırmamızın nəticələri bir qədər neqativdir, amma olduqca stimullaşdırıcıdır. Tapıntılarımız bizi biosfer və onun planetinin qarşılıqlı əlaqəsini yenidən düşünməyə çağırır”.
Sotrey və komandası 4 milyard il əvvəl qırmızı planetin su ilə dolu qabığının həyat üçün mümkün olub-olmadığını qiymətləndirmək üçün Marsın iqlim və ərazi modellərindən istifadə edib.
“Tədqiqatçılar fərz edirdilər ki, hidrogen və metan istehsal edən mikroblar o zaman Mars səthinin bir az altında inkişaf edə bilərdilər, təxminən 20 sm torpaq onları sərt radiasiyadan qorumaq üçün kifayətdir”, - Sotrey söyləyir və əlavə edir:
“Marsda buz olmayan hər hansı bir yer bu orqanizmlərlə dolu ola bilərdi, necə ki, Yer formalaşanda belələri vardı”.
Digər tərəfdən, Sotrey erkən Marsın ehtimal olunan rütubətli, isti iqliminin atmosferdən çox miqdarda hidrogen udulması ilə təhlükəyə atıla biləcəyini deyir. Müvafiq olaraq, temperatur təqribən -200C aşağı düşdükdə, səthdə və ya onun yaxınlığında olan hər hansı bir orqanizm salamat qalmaq üçün daha dərinə enməli idi.
Tədqiqatçıların fikrincə, əksinə, azotun üstünlük təşkil etdiyi atmosferi nəzərə alsaq, Yerdəki mikroblar mülayim şəraiti saxlamağa kömək edə bilər.