Holland rəssam Vinsent Van Qoqun əvvəllər məlum olmayan avtoportreti sənətkarın başqa bir rəsminin arxasında təsadüfən tapılıb.

Teleqraf.com xəbər verir ki, Şotlandiya Milli Qalereyasının mütəxəssisləri sərgidən əvvəl rentgendən keçirdikləri əsərdəki avtoportreti müəyyən edə biliblər.

“Kəndli qadının başı” adıyla tanınan əsərin arxasındakı avtoportret karton və yapışqan təbəqələri arasında yer alıb.

Qalereyanın baş mütəxəssisi Lesli Stivenson deyir ki, rəssamın onlara “baxdığını” görəndə şoka düşüblər:

“Əlbəttə, əsəri rentgendən keçirərkən onun bizə “baxdığını” görəndə çox həyəcanlandıq. Bu, böyük bir kəşfdir, çünki Van Qoqun həyatı haqqında bildiklərimizə yeni bir parça əlavə edir”.

Holland rəssam pula qənaət etmək üçün tez-tez işlənmiş kətanları çevirərək təkrar istifadə edirdi.

Van Qoq incəsənət tarixinin ən nüfuzlu və məşhur simalarından biridir. Rəssamın əsl şöhrəti 1890-cı ildə 37 yaşında vəfat etdikdən sonra yayılıb.

“Kəndli qadının başı” isə 1960-cı ildə Edinburqun tanınmış hüquqşünaslarından birinin hədiyyəsi olaraq Şotlandiya Milli Qalereyasına verilib. Rəsmdə Van Qoqun 1883-1885-ci illər arasında yaşadığı Hollandiyanın cənubundakı Nyuznen şəhərindən olan bir qadın təsvir edilib.

Bir neçə dəfə əl dəyişdirən portreti 1923-cü ildə Evelin Fleminq alıb. Onun oğlu yazıçı Yan Fleminq “Ceyms Bond” romanının müəllifidir.

1951-ci ildə əsər Şotlandiyaya gəlib, burada Aleksandr və Rozalind Meytlendin kolleksiyasına daxil olub. Daha sonralar Şotlandiya Milli Qalereyasına hədiyyə edilib.

Rentgen şüasının aşkar etdiyi avtoportretin orijinal əsərə xələl gətirmədən necə sərgilənəcəyi isə maraq doğurur.