Skandinaviya ölkələrinin əksəriyyətində kəndlər bağ evləri, kotteclər, meşədə tikilən tikililərlə doludur.

Teleqraf.com xəbər verir ki, bu ölkələrdə insanların təbiət qoynunda öz hobbiləri ilə məşğul ola biləcəkləri sadə tətil evlərinə getmək ənənəsi var. Hətta skandinaviyalıların açıq havada vaxt keçirmək üçün istifadə etdikləri xüsusi bir söz də var: "friluftsliv". Bu söz "açıq havada yaşamaq" mənasını verir və məşhur Norveç dramaturqu və şairi Henik İbsenin 1850-ci illərdə məşhurlaşdırdığı sözdür. İbsenin fikrincə, friluftsliv ruhi və fiziki sağlamlıq üçün kimsəsiz yerlərdə vaxt keçirməyi nəzərdə tutur.

İsveç və Finlandiya kimi ölkələr panellər, kameralar və ya modulların hamısı əvvəlcədən yığılmış prefabrik ev sənətini təkmilləşdiriblər.

Snohetta memarlıq firması Norveçin aparıcı prefabrik ev markası olan Rindalshytter üçün Gapahuk adlı kottec istehsal edib. Gapahuk iki yaxud üç divar və damdan ibarət sadə taxta konstruksiyalara verilən Norveç adıdır.

Pis hava şəraitində sığınacaq kimi istifadə olunur. Snohettanın Gapahuk evinin damı müxtəlif hava şəraitinə uyğunlaşmaq üçün nəzərdə tutulub.

Damın əyri səthinə günəş panelləri yerləşdirməklə elektrik enerjisi istehsal etmək mümkündür.

İsveçdə prefabrik kotteclər 11-ci əsrə aiddir.

Taxta evlər qışda ağacların kəsildiyi yerlərdə tikilir ki, taxta daşınmazdan əvvəl soyuq və quru havada saxlanılsın.

Norveçdəki kabin evləri yayda təzə ot yemək üçün dağlıq ərazilərə aparılan mal-qara sürüləri aparanların qaldığı sığınacaqlardır.

Norveçin təxminən beş milyon əhalisinin yarısı ya tətil evinə sahibdir, ya da ondan kirayə olaraq istifadə edir. Hər il ölkədə 6500 istirahət evi tikilir. Bu, 1980-ci illərin əvvəlindən hər il 75 faizdən çox artım deməkdir.

Prefabrik evlərə üstünlük verilməsinin əsas səbəblərindən biri də tikintisinin çox vaxt almamasıdır. Prefabrik konstruksiyalar təbiətə çox zərər vurmadan binaların tikintisinə də imkan verir. Prefabrik binaların uğuru yalnız istirahət evləri ilə məhdudlaşmır. Skandinaviya ölkələrindəki bəzi evlər illərdir əvvəlcədən yığılıb. Bu, qışda ənənəvi tikintini çətinləşdirən sərt hava şəraiti və məhdud gündüz saatları ilə bağlıdır.

1960-cı illərdə İsveçdə müasir tikinti üsullarına maraq artsa da, finlər məhz İkinci Dünya Müharibəsindən sonrakı illərdə oxşar üsullara müraciət ediblər. 1939-1940-cı illər Rusiya-Fin müharibəsi 420 000 finlinin öz evlərindən didərgin düşməsinə səbəb olur. Fövqəladə mənzil ehtiyacını ödəmək üçün Puutalo Oy adlı taxta ev şirkəti yaradılır. Burada ənənəvi tikinti üsullarından, materiallardan və işçi qüvvəsindən istifadədən söhbət gedə bilməzdi. Bu səbəblə 1928-ci ildə Helsinki Olimpiya Stadionunu dizayn edən Toivo Jäntti kimi memarlar fabriklərdə istehsal edilən yeni bir mənzil modelini yaratmaq üçün sənayeçilər ilə əməkdaşlıq etməyə başlayır. Müharibə zamanı evsiz qalanların ehtiyaclarını ödəmək üçün istehsal edilən bu evlər müharibədən sonra Finlandiyanın ən böyük ixracat mallarından biri oldu. İstehsal olunan prefabrik evlərin 95 faizdən çoxu xaricə satılır. Xammala və texnikaya ehtiyacı olan Finlandiya bu evləri başqa mallarla dəyişməyə başlayır. Ev müqabilində İngiltərədən kömür, dəmir, polad və traktorlar, Danimarkadan mal əti, heyvan mənşəli piylər və kərə yağı, Hollandiyadan kartof, kimyəvi maddələr və tekstil məhsulları, İsraildən üzüm və portağal alınır.

1950-ci illərin sonunda milyonlarla kvadratmetr mənzil 50-dən çox ölkəyə göndərilir.

Lakin Puutalo Oyın bu uğuru memarlıq aləmində öz layiqli yerini tapa bilmədi. Aalto Universitetindən Philip Tidvell deyir: "Finlandiyada müharibədən sonrakı arxitekturada onun sosial dövlət olduğunu göstərən rəsmi binalar və tikililər üstünlük təşkil edirdi. Puutalo Oy evləri bu çərçivəyə uyğun gəlmirdi".

Tidvell deyir ki, Puutalo Oy rezidensiyaları sadə dizaynı ilə diqqətdən kənarda qalsa da, müasir tikinti üslubuna böyük təsir göstərib: “Bütün bunlar nostalji kimi səslənə bilər. Amma biz tənqidi nəzər saldıqda görürük ki, müasir tikintinin əsasları o vaxt qoyulub”.

Sadə dizaynlar bu gün də Skandinaviya ölkələrində müasir həyat tərzini əks etdirən seçim kimi qəbul edilir.

Belə bir tətil evində qalmaq və Skandinaviya üslubunda "friluftsliv" üçün bayıra çıxmaq çox məşhur istirahət növüdür.