BAKI, 31 avqust. TELEQRAF

Cari ilin avqustunda Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə 6 depozit hərracı keçirilib və ümumilikdə xəzinə hesabının 146 milyon manat məbləğində qalığı ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.

Teleqraf nazirliyə istinadən xəbər verir ki, avqustun 6-da iki depozit hərracı keçirilib və ilk hərracın nəticələrinə əsasən, xəzinə hesabının 16 milyon manat həcmində qalığı 2 kommersiya bankında 28 gün müddətinə, 6.54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib. Digər hərracda isə xəzinə hesabının 25 milyon manat həcmində qalığı 1 kommersiya bankında 84 gün müddətinə, 6.54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Avqustun 13-də keçirilən növbəti depozit hərracının nəticələrinə əsasən, xəzinə hesabının 21 milyon manat həcmində qalığı 2 kommersiya bankında 28 gün müddətinə, 6.54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Avqustun 20-də baş tutan hərracda 1 kommersiya bankı iştirak edib. Hərracın nəticəsinə əsasən, xəzinə hesabının 35 milyon manat həcmində qalığı 84 gün müddətinə, 6.53% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Avqustun 27-də isə daha iki depozit hərracı keçirilib. Hərracların birinin nəticəsinə əsasən, xəzinə hesabının 19 milyon manat həcmində qalığı 2 kommersiya bankında 28 gün müddətinə, 6.52% orta çəkili faiz dərəcəsi ilə, digərində isə xəzinə hesabının 30 milyon manat həcmində qalığı 1 kommersiya bankında 84 gün müddətinə, 6.54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.