BAKI, 23 oktyabr. TELEQRAF
Avropa Komissiyası Ukraynada sülh nizamlanmasına dair çoxtərəfli danışıqların növbəti raundunun Avropa İttifaqı (Aİ) nümayəndələrinin də iştirakı ilə keçiriləcəyinə ümid edir.
Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Ariana Podesta məlumat verib.
Aİ-yə üzv ölkələrin liderlərindən ibarət qrupun gələcək danışıqlarda mümkün iştirak formatları barədə KİV-lərdə yayılan məlumatlarla bağlı suala cavab verən sözçü həmin xəbərləri nə təsdiq, nə də təkzib edib. O, Aİ-nin Oslo danışıqlarında iştirak etdiyini xatırladaraq bildirib ki, gələcək yüksək rəsmi səviyyəli çoxtərəfli danışıqların Avropa İttifaqının iştirakı ilə keçiriləcəyi gözlənilir.
Podesta əlavə edib ki, Aİ Ukraynanın danışıqlarda güclü mövqeyə sahib olmasını təmin etmək, eləcə də ədalətli və davamlı sülhə nail olmaq məqsədilə daim bu istiqamətdə fəaliyyət göstərir.